Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 18-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə qəbul imtahanı keçiriləcək.

DİM-dən  bildirilib ki, imtahan bütün binalarda saat 11:00-da başlanır və 3 saat davam edir. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar.

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. DİM iştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edir. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır. İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, cavab kartındakı məlumatlar optik qurğu vasitəsilə oxunur. Ona görə də optik qurğuların tələblərinə əsasən, cavab kartını qara və ya tünd göy rəngdə yazan mürəkkəb axıtmayan diyircəkli qələmlə, yaxud tünd rəngdə yazan sadə karandaşla doldurmaq lazımdır. Cavablar üçün nəzərdə tutulmuş dairələrin içi göstərilən növ qələmlərlə və ya karandaşla tam qaralanmalıdır. Apellyasiya müraciətləri zamanı təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) baxılmayacaq. Bununla bağlı tövsiyə olunur ki, cavab kartında cavabları tam əmin olduqdan sonra qeyd edin və ya cavab kartında imtahan bitənədək hər hansı düzəliş etmək imkanının olması üçün dairələri karandaşla qaralayın.

Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini gətirməlidirlər.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 11 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 538, BB qrupu üzrə 2216 olmaqla, ümumilikdə 2754 namizəd qeydiyyatdan keçib. İmtahanının keçirilməsi üçün 13 ümumi imtahan rəhbəri, 30 imtahan rəhbəri, 258 nəzarətçi müəllim, 39 buraxılış rejimi əməkdaşı ayrılıb.

Bənzər yazılar