“Yüksəliş” müsabiqəsi peşəkar insanlardan ibarət şəbəkənin yaranmasına və həmin insanlarla dost olmağıma imkan yaratdı. Belə ki, qaliblərlə çox yaxşı ünsiyyətimiz var, tez-tez görüşürük, müzakirələr aparırıq, bir-birimizin idarəetmə təcrübəsi ilə tanış oluruq.

Müsabiqə çərçivəsində reallaşan Mentorluq proqramı liderlik bacarıqlarımın inkişafına xüsusi töhfə verir. Uzun illərin idarəetmə təcrübəsinə malik insanların təcrübəsindən daha çox faydalanacağımıza inanıram. Belə şəxslərlə birbaşa ünsiyyətdə olmaq, müxtəlif sahə və proseslərə dair müzakirələr aparmaq, onların liderlik bacarıqlarının inkişafına dair tövsiyələri şəxsi inkişafa müsbət təsir edir.

“Yüksəliş” komandası tərəfindən müxtəlif dövlət qurumların nümayəndələri ilə təşkil edilən görüşlər də təcrübəmizə təcrübə qatır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Xanım Daşdəmirova söyləyib.

Xanım Daşdəmirova Təhsilin İnkişafı Fonunda İdarə Heyətinin sədr müavinidir. O, “Yüksəliş” müsabiqəsinin iştirakçılar üçün biliklərini sınaqdan keçirmək və öz potensialını daha yaxından görmək, özünü daha da təkmilləşdirmək baxımından bir imkan olduğunu söyləyib.

“Finalçı olmaq üçün sadəcə 2 balım çatmırdı”

“Yüksəliş” müsabiqəsinin Azərbaycan Prezidentinin Sərəncamı ilə həyata keçirilməsi mənim üçün bir stimuldur. Belə mötəbər müsabiqədə iştirak etmək və Zəfər tarixinin yaşandığı dövrdə qalib gəlmək mənim üçün qürurvericidir.

Onu da deyim ki, Zəfər tarixinin verdiyi qürur hər bir vətəndaşın üzərinə düşən işi daha məsuliyyətlə yerinə yetirməyi və daim özünü təkmilləşdirməyi ehtiva edir. Mənim üçün də “Yüksəliş” biliklərimi sınaqdan keçirmək və öz potensialımı daha yaxından görmək, özümü daha da təkmilləşdirmək üçün bir imkan idi.

Əldə etdiyim bilik və bacarıqların, o cümlədən çalışdığım müxtəlif şirkətlərdəki təcrübələrimin “Yüksəliş”də necə sınaqdan keçəcəyini görmək mənim üçün maraqlı idi. Həmçinin “Yüksəliş”in Mentorluq proqramı diqqətimi cəlb edirdi.

Daha öncə ikinci “Yüksəliş” müsabiqəsinə qoşulmuşdum, final mərhələsinə kimi gəlib çatmışdım. Finalçı olmaq üçün sadəcə 2 balım çatmırdı. Final mərhələsində qalib ola bilməsəm də həvəsdən düşmədim. Daha əzmlə çalışaraq növbəti müsabiqədə qalib olmağı bacardım”, – deyə Xanım Daşdəmirova qeyd edib.

“Emosional zəka, liderlik, qərarvermə bacarığı”

Müsahibimiz deyir ki, müsabiqə ərzində onun üçün ən maraqlı mərhələ elə final olub: “Bu mərhələdə tapşırıqların daha çətin olması, komanda üzvləri ilə olan aktiv müzakirələr finala xüsusi maraq qatırdı. Həmçinin müsabiqə çərçivəsində emosional zəka, liderlik, qərarvermə bacarığının yoxlanılmasına istiqamətlənmiş mərhələ ən bəyəndiyim xüsusiyyətlər arasındadır. Layihələr sahəsindəki bilik və çoxillik təcrübə bu mərhələni uğurla keçməyim üçün mənə çox kömək oldu.

Xüsusi çətinliyi ilə fərqlənən mərhələ olmadı. Hər bir mərhələ özünə görə maraqlı və spesifik idi. Nisbətən çətin riyazi mərhələ idi, o da vaxt baxımından bir az çətinlik yaradırdı. Lakin məktəb dövründən riyaziyyatdan, necə deyərlər, güclü olmağım köməyimə çatdı. Bu səbəbdən hər iki il yüksək nəticə ilə bu mərhələni tamamlaya bildim”.

“Bu müsabiqə öz potensiallarını göstərmək üçün fürsətdir”

Xanım Daşdəmirova oxucuları dördüncü “Yüksəliş” müsabiqəsinə qoşulmağa səsləyib: “Təhsilin İnkişafı Fonunda İdarə Heyətinin sədr müavini olaraq bu qurumda çalışmaqla təhsilin insan həyatının uğurlarının əsas açarı olduğuna bir daha əmin oldum. Bu baxımdan hər kəsə daim öz üzərində işləməyi, ömürboyu öyrənməyə sadiq qalmağı tövsiyə edirəm. Bununla yanaşı, zəhmətkeşlik, məqsədyönlülük, həvəsdən düşməmək, qətiyyətli olmaq, öz potensialını düzgün qiymətləndirmək və sevdiyin işlə məşğul olmaq, öz daxili səsini eşitmək, cəhd etmək və hər cəhdi bir təcrübə kimi qəbul etmək vacibdir. Bütün bu məqamlar yeni uğurlar qazanmağa təkan verir.

Müsabiqəyə qoşulmaq istəyənlərə demək istərdim ki, mütləq iştirak etsinlər. Çünki bu müsabiqə öz potensiallarını göstərmək üçün çox gözəl fürsətdir və insana inanılmaz təcrübə verir”.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında intellektual səviyyəsi və ikiillik idarəçilik təcrübəsi olan perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.

“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat dəyərində pul mükafatı gözləyir.

Növbəti – dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.

Bənzər yazılar