Rəsmi statistikaya əsasən Azərbaycan əhalisinin cəmi 19 faizi ali təhsillidir. Rusiyada bu göstərici 56 faiz, Gürcüstanda 31, Ermənistanda isə 28 faizdir. Bu isə o deməkdir ki, Azərbaycan ali təhsillilərin sayına görə qonşu ölkələrdən belə xeyli geri qalır. 

Mövzu ilə bağlı Valyuta.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli bildirir ki, Azərbaycanda əhalinin cəmi 19 faizinin ali təhsilli olmasının başlıca səbəbi qəbul qaydaları şərtlərinin ağır olması ilə bağlıdır.

“Dövlət İmtahan Mərkəzinin qoyduğu şərtlər yaxın qonşu ölkələrin heç birində yoxdur. Dünyanın əksər ölkələrində attestatla orta ümumtəhsil bazasından müvəfəqiyyətlə çıxan hər bir şagird universitet tələbəsi olmaq üçün müraciət edə bilir. Ölkəmizdə isə bu baryeri aşmaq müşküldür.

Testi hazırlamaq və imtahanı keçirmək eyni quruma həvalə olunmamalıdır. Qonşu Rusiya, Gürcüstnada isə qəbul qaydaları çox asandır. Azərbaycanda isə daha da mürəkkəbləşdirirlər. Nəticədə əksər abituriyentlərimiz asan təhsil almaq imkanından məhrum olur. Azərbaycanda son zamanlar ali təhsilli insanların sayının artırılması üçün stimullaşdırıcı addımların atılması məsələsi gündəmə gəlib. Təqaüdlərin 50 faizə çatdırılması nəzərdə tutulur. Aztəminatlı ailələrə kreditlərin verilməsi məsələsi isə artıq iki ildir tətbiq olunur. Düzdür, burada da müəyyən ağır şərtlər var. 

Bütün tələbələr həmin kreditdən yararlana bilmir”. 

– təhsil eksperti Məzahir Məmmədli deyir.

Bənzər yazılar