Fevralın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının iclası keçirilib.

Açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru, Elmi Şuranın sədri, professor Cəfər Cəfərov ötən dövr ərzində həyata keçirilən fəaliyyətlər haqqında danışaraq, artıq payız semestrinin imtahan sessiyasının uğurla yekunlaşdığını diqqətə çatdırıb.

Məruzə edən Tədris departamentinin direktoru, dosent Sənan Əliyev ADPU-da 2023-2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri barədə hesabatı təqdim edib.

Bildirilib ki, 7 yanvar – 2 fevral tarixlərində keçirilən imtahan sessiyasının təşkili üçün İmtahan İdarəetmə Qrupu, İmtahan Qərargahı və Appelyasiya Komissiyası, o cümlədən nəzarətçi qrupları da təşkil olunub. İmtahanlarda bakalavriatura səviyyəsi üzrə 9978, magistratura səviyyəsi üzrə 644 olmaqla ümumilikdə 10622 nəfər tələbə iştirak edib. Üzürlü səbəbdən imtahana qatılmayan 482 nəfər tələbə üçün sonradan imtahan keçirilib. Yoluxucu xəstəlik səbəbindən imtahanlarda iştirak edə bilməyən 12 nəfər tələbə üçün isə ADPU Elmi Şurasının müvafiq qərarına uyğun olaraq onlayın formada imtahan təşkil olunub.

Hesabata əsasən, sessiya ərzində İmtahan Qərargahına 111 müraciət (keçən yaz sessiyasında 135) olub ki, bunlardan 52-i təsdiqini tapmayıb, 59-u isə tələbələrin xeyrinə həll olunub. İmtahan qaydalarını pozduğuna görə 139 nəfər tələbə (ötən yaz sessiyasında 74 nəfər) imtahandan kənarlaşdırılmış və nəticələri ləğv olunub. Apelyasiya Komissiyasına isə 2082 müraciət olub.

Bakalavriat və magistratura səviyyələrində uyğun olaraq, müvəffəqiyyət göstəricisi 88 və 98 faiz (keçən ilin müvafiq sessiyasında 84 və 74 faiz) və keyfiyyət göstəricisi isə 44 və 76 faiz (keçən ilin müvafiq sessiyasında 46 və 68 faiz) təşkil edib. Bakalavriat səviyyəsində müvəffəqiyyət, magistratura səviyyəsində isə həm müvəffəqiyyət, həm də keyfiyyət göstəricilərində əhəmiyyətli artım müşahidə olunur. ADPU filialları arasında isə bakalavriat üzrə ən yüksək müvəffəqiyyət göstəricisi 91 faizlə Cəlilabad filialında, ən yüksək keyfiyyət göstəricisi isə 38,3 faizlə Quba filialında qeydə alınıb.

Həmçinin, imtahan sessiyası müddətində “Google Form” vasitəsilə tələbələr arasında onlayn sorğu təşkil olunub. 2050 tələbənin qatıldığı sorğuda ADPU və onun filialları, o cümlədən ADPK tələbələri iştirak edib. Həmçinin, imtahan prosesində 2 əməkdaş və 17 tələbə olmaqla 19 nəfər müşahidəçi qismində iştirak edib.

Daha sonra cari məsələlər müzakirə olunub. Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov ADPU-nun 2024-cü il üçün Fəaliyət Planının təsdiqi haqqında, “Psixoloji xidmət laboratoriyasının Əsasnamə”sinin təsdiqi və tədris-metodiki vəsaitlərinin nəşrinə icazə verilməsi barədə,  Tədris departamentinin direktoru, dosent Sənan Əliyev imtahan sessiyasının nəticələrinə əsasən adlı təqaüd alan namizədlərin təsdiqi barədə, Keyfiyyətin təminatı şöbəsinin müdiri, dosent Qalib Şərifov “ADPU-nun Davamlı siyasət sənədi”nin təsdiqi haqqında, elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov monoqrafiyaların nəşrinə icazə verilməsi və dosent elmi adının verilməsi üçün AAK qarşısında vəsatət qaldırılması barədə məruzə ediblər.

Sonda müzakirəyə çıxarılan məsələlərlə bağlı təklif və suallar səsləndirilib, müsbət qərarlar qəbul olunub.

Bənzər yazılar