Azərbaycan Elm Fondu Gənc Alim və Tədqiqatçıların 8-ci qrant müsabiqəsini (AEF-GAT-8-2024-1(49) elan edir.

Fonddan  bildirilib ki, müsabiqənin məqsədi gənc alim və tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılması və onlara elmi tədqiqatlar aparmaq üçün əlverişli imkanların yaradılması, gənc kadr potensialının gücləndirilməsi üçün proqramların işlənib-hazırlanması, onların elmi və peşəkarlıq səviyyələrinin yüksəldilməsi, innovasiya fəaliyyətinin dəstəklənməsi, regional və beynəlxalq səviyyəli proqram və layihələrdə iştirak etməyə cəlb edilməsidir.

Müsabiqənin əsas prioritetləri kimi aşağıdakı mövzular qeyd olunub:

– Gənclər üçün yaşıl təhsil: ekoloji şüurun və həmrəyliyin təşviqi;

– Gənclər və dairəvi iqtisadiyyat: tullantıların azaldılması və resurs həmrəyliyi üçün strategiyalar;

– Yaşıl innovasiya mərkəzləri: ətraf mühit problemləri üçün gənclərin rəhbərlik etdiyi həllərin tərtib edilməsi.

Perspektivli gənc alimlər, eləcə də öz elmi sahəsində lider olan tədqiqatçılar qrant müsabiqəsində iştirak üçün müraciət edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün layihələr martın 13-dən aprelin 19-dək qəbul olunacaq. Müsabiqənin nəticələrinin 2024-cü ilin sonunda açıqlanması planlaşdırılır.

Qeyd edək ki, layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub. Bu barədə əlavə məlumat fondun rəsmi saytında dərc olunacaq.

Bənzər yazılar