Dahi lider , Ulu öndər Heydər Əliyev məktəbinin davamçısı ,Azərbaycan Respublikasının Prezidenti cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında möhkəmlənmiş və yüksək təlimlərə yiyələnmiş Azərbaycan Ordusunun 27 sentyabr 2020- ci ildə Ermənistanın törətdiyi növbəti təxribatın qarşısının alınması məqsədi ilə başlatdığı “ Dəmir Yumruq “ əməliyyatı , habelə onun ardınca 19 sentyabr 2023-cü ildə antiterror əməliyyatları nəticəsində torpaqlarımızın azadlığını və bütövlüyünü təmin edərək böyük qələbə qazandıq.
Prezidentimiz cənab İlham Əliyevin yüksək siyasəti, eləcə də komandanı olduğu ordumuzun tarixi torpaqlarımızın bütövlüyünü tam təmin edə bilmək bacarığı hər bir Azərbaycanlıda böyük qürur və fəxr hissi yaratdı .Bu qələbə xalqımızın vətənpərvərlik və birlik nümunəsinin simvolu oldu. Azərbaycanımızın qəhrəman oğulları torpaq, vətən naminə atıldığı döyüşlərdən üzüağ , alnıaçıq çıxaraq düşməni dizi üstə çökdürdülər.Beləliklə , bir daha dünya dövlətləri Azərbaycan Ordusunun nümayiş etdirdiyi heyrətamiz ,mükəmməl döyüş taktikasının şahidi oldu . Amma “ Torpaq uğrunda ölən varsa ,vətəndir!” demişlər. İstər “ Vətən müharibəsi “ ndə ,istərsə də 30 il ərzində düşmənin törətdiyi təxribatların qarşısını alarkən baş verən döyüşlərin , eləcə də 1-ci Qarabağ müharibəsinin acı hissləri də oldu. Müəyyən qədər oğulların vətən uğrunda şəhidlik zirvəsinə ucalması bizlərdə qürur hissi ilə bərabər, həm də kədər hissi də yaratdı.Bu gün doğma torpaqlarımıza qovuşmaq naminə can vermiş qəhrəman oğulların xatirəsini yaşatmaq , gələcək nəsillərə tanıtmaq və unudulmaması naminə ən gərəkli addımları atmaq hər bir Azərbaycan vətəndaşının ən ümdə vəzifəsidir .Məhz bu məqsədlə çalışdığım Ucar rayon Qazyan kənd Zeynal Məmmədov adına 3 nömrəli tam orta məktəbdə şəhidlərimizin şəxsi əşyalarından və eksponatlarından ibarət “ Qəhrəmanlar muzeyi “ ni yaratmaq fikrinə gəldim.
Muzey həm öz şagirdlərimizin, həm də rayonumuzun məktəblilərinin böyük marağına səbəb oldu .Hazırda bir çox məktəblərdən şagirdlər muzeyə ekskursiya edir , qəhrəman şəhidlərimizin həyat və döyüş yollarını tərənnüm edən fotoşəkillərlə , yazılı məlumatlarla , habelə onlara məxsus geyimlərlə və əşyalarla tanış olurlar .Şəhidlərimizin əşyalarına toxunan şagirdlərin keçirdiyi qürur hissini izlədikcə , yaratdığım muzeyin istər təhsilimizin , istərsə də milli -mənəvi dəyərlərimizin inkişafında faydasını , gənc nəsildə yarada biləcək vətənpərvərlik ruhunun əhəmiyyətini dərk etməmək mümkünsüzdür.Bu gün mən yaşadığım Ucar rayonun, habelə muzeylə öz şəxsi facebook səhifəmdən və məktəbimizin səhifəsindən izləyərək tanış olub , respublikamızın bir çox bölgələrindən məktəbimizə gələn şəhid ailələrinin , qazilərin və hərbçilərin fiziki və sıravi insanların simalarında məmnunuluq hissini yerinə yetirdiyim faydalı və əhəmiyyətli işin sübutu kimi qəbul edirəm . Şəhid ailələrinin öz igid balalarının mənə əmanət etdiyi müqəddəs əşyalarını göz bəbəyim kimi qorumağı böyük qürur və fəxr bilərək , onları gələcək nəsillərə yetişdirməkdə bütün güc və səyimi sərf edəcəm. Bu mənim ilk növbədə həm vətənim və vicdanım qarşısında borcum, həm də müəllimlik borcumdur .
Doğrudur , hazırda respublikamızın müxtəlif şəhər və bölgələrindən muzeyimizə bağışlanan şəhidlərimizin əşyalarını yerləşdirlməsində rəflərə , vitrinlərə və müxtəlif ləvazimatlara ehtiyacım olsa da , muzeyin tarix yazanların tarixə yazılmasında böyük rolu olacağına və əhəmiyyət kəsb edəcəyinə əminəm .Bu işdə mənə daim dəstək olan başda direktorumuz Günel Bayramovaya , müəllimlərimizə və şagirdlərimizə təşəkkür edirəm .
Ucar rayon Qazyan kənd Zeynal Məmmədov adına 3 nömrəli tam orta məktəbin UBR İsayeva Aidə.