“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ADPU-nun Şəki filialında da
silsilə tədbirlər təşkil olunur. Aprelin 17-də keçirilən “Yaşıl dünya naminə
həmrəylik” mövzusunda elmi-praktik konfrans da bu qəbildəndir.
Konfransı giriş sözü açan filialın direktoru, dosent Vurğun Məmmədov çağdaş
dünyanın müasir ekoloji problemləri, onların bəşəriyyətə törətdiyi təhlükələr, bu
təhlükələri önləmək üçün dünya miqyasında görülən işlər haqqında danışaraq, ölkə
başçısı, cənab Prezident İlham Əliyevin ekoloji problemlərin həllinə beynəlxalq
müstəvidə yeni yanaşma ortaya qoyduğunu vurğulayıb. Direktor, cari ilin noyabr
ayında ölkəmizdə keçirilməsi planlaşdırılan COP-29 sammitinin Azərbaycanın
beynəlxalq nüfuzunun daha da artırılması baxımdan müstəsna əhəmiyyətə malik
olmaqla yanaşı, bu tədbir çərçivəsində alınacaq qərarların bütün dünyanın
qarşıdakı illərdə ekoloji problemlərin həllinə ortaq yanaşmasının əsas norma və
prinsiplərini təşkil edəcəyindən əminliyini bildirib.
Daha sonra filialın elmi işlər üzrə direktor müavini, dos. Nuralı Çələbiyev, Tələbə
Elmi Cəmiyyətinin sədri, baş müəllim Səadət Feyzullayeva və müxtəlif ixtisasların
tələbələri məruzə və təqdimatlarla çıxış ediblər.
Konfransdan sonra filialın həyətində müəllim və tələbələrin iştirakı ilə həmişəyaşıl
sərv ağacları əkilib.
Qeyd edək ki, görülən işlərdə tələbələr də aktiv iştirak edirlər. Belə ki, filialın
Tələbə Elmi Cəmiyyətinin və Şəki şəhər Rəşid bəy Əfəndiyev adına 10 saylı tam
orta məktəbin birgə təşkilatçılığı ilə məktəbdə “Yaşıl dünya naminə həmrəylik
ili”nə həsr olunmuş “Ekodost” mövzusunda təlim təşkil edilib.

Bənzər yazılar