Aprelin 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında tələbə-gənclərin sağlam həyat tərzinin təşviqinə həsr olunmuş “Narkomaniya sərhədsiz fəlakətdir” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan filialın elmi işlər üzrə direktor müavini, dosent Nurali Çələbiyev narkomaniyanın bəşəriyyət üçün ən böyük qlobal bəlalardan biri olması, onun əhatə dairəsinin son onillikdə sürətlə genişlənməsi və insanların sağlamlığına vurduğu zərərlə yanaşı, cəmiyyətdə, o cümlədən ailə həyatında doğurduğu fəsadlardan bəhs edib.

N.Çələbiyev bildirib ki, bu bəşəri bəlaya qarşı respublikamızda ciddi mübarizə tədbirləri Ümummilli Lider Heydər Əliyevin prezidentliyinin ilk dövrlərindən başlanılıb. Ulu Öndər 26 avqust 1996-cı ildə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” ilə bağlı Fərman imzalayıb, ölkə parlamenti 1999 və 2005-ci illərdə müvafiq qanunlar qəbul edib. Cənab Prezident İlham Əliyevin prezidentliyi dövründə narkomaniya ilə mübarizəyə dair 3 Dövlət Proqramı qəbul edilib. Bununla bağlı sonuncu Dövlət Proqramı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair” 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramıdır.

Dəyirmi masada filialın biologiya müəllimi, baş müəllim Səadət Feyzullayeva narkomaniyanın fəsadları ilə bağlı təqdimatla çıxış edib. Filialın Humanitar fənlər kafedrasının müəllimi, hüquqşünas Natiq Salamov və filialın hüquqşünası Elburus Musayev isə narkomanlığın hüquqi aspektləri və doğurduğu hüquqi məsuliyyət haqqında danışaraq qanunvericiliyin tələblərini diqqətə çatdırıblar.

Dəyirmi masada iştirak edən tələbələr müzakirələrdə fəal iştirak edib, bu bəladan çıxış yollarının maarifləndirmə tədbirləri ilə bağlı olmasını ən səmərəli vasitə kimi dəstəkləyiblər.

Bənzər yazılar