Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. Bu barədə qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş konfransında qəbul edilib. 1996-cı ildən etibarən isə bu əlamətdar gün bütün dünyada qeyd olunur.

Mektebgushesi.az xəbər verir ki, Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün qeyd olunmasında məqsəd kitabların geniş əhatə dairəsini – keçmiş və gələcək, nəsillər və mədəniyyətlər arasında körpü olduğunu ictimaiyyətin diqqətinə bir daha çatdırmaqdır. Bu il Dünyanın Kitab Paytaxtı Strasburq şəhəridir.

Aprelin 23-ü, eyni zamanda, dünya ədəbiyyatında simvolik tarixdir – Uilyam Şekspir, Migel Servantes və İnka Qarsilaso dela Veqa kimi bir sıra görkəmli ədiblərin vəfat etdiyi gündür.

Azərbaycanda Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü 1997-ci ildən qeyd edilir.

Xatırladaq ki, Prezident İlham Əliyevin “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 20 aprel tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Əqli Mülkiyyət Agentliyi yaradılıb.

Agentliyin qarşısında duran əsas vəzifələr müəllif və oxşar hüquqların qorunması və təmin edilməsi, rəqəmsal hüquqların idarə edilməsi, kontrafaksiya və piratçılığa qarşı mübarizə ilə yanaşı, sənaye mülkiyyəti obyektlərinin idarə edilməsi və bu idarəçiliyin zamanın tələblərinə uyğun təşkili, patent və əmtəə nişanlarına dair müraciət edən şəxslər üçün dürüstlüyün, açıqlığın və şəffaflığın təmin edilməsidir. 2021-ci ilin aprel ayında dövlətimizin başçısının imzaladığı Fərmana əsasən Əqli Mülkiyyət Agentliyinin tabeliyində “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi” yaradılıb.

İnfrastrukturun təkmilləşdirilməsi və institusional dəyişikliklər sahəsində Agentlikdə sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı ilə bağlı iddia sənədlərinin qəbulunun həyata keçirildiyi “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” (PƏNAH) rəqəmli informasiya sistemi fəaliyyət göstərir. Bu sahədə tətbiq edilən “vahid pəncərə” və “istənilən yerdən xidmətə əlçatanlıq” prinsipi açıqlıq, operativlik və şəffaflığı təmin edib, ixtira və patent fəallığının artmasına müsbət təsir göstərib, həmçinin dövlət xidmətlərinin səviyyəsini yüksəldib.

Bənzər yazılar