Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) 20-21 aprel tarixlərində dünyanın ən böyük robot festivalı olan “Robotex”in Türkiyənin Antalya şəhərində keçirilən yarımfinal mərhələsində möhtəşəm uğura imza atıb.

ADPU-nun yarışmada iştirak edən 3 komandasının hər biri qalib olub.

Belə ki, ADPU-nun Kompüter elmləri kafedrasının və STEAM Mərkəzinin müəllimi Xumarə Qəhrəmanlının mentorluğu ilə yarışa qatılan “ADPU GİRLS” komandası “Girls Firefighting” kateqoriyası üzrə I yerə, “HYDROTESK” komandası “Water Rally” kateqoriyası üzrə I yerə, “AZİRRİGATİON” komandası isə “Green Entrepreneurship” kateqoriyası üzrə III yerə layiq görülüb.

Qeyd edək ki, Estoniyada əsası qoyulan “Robotex” festivalı dünyanın ən böyük robot yarışması hesab edilir. 2024-cü ildə keçirilən “Robotex Türkiyə” yarışmasında dünyanın 11 ölkəsindən 18 fərqli kateqoriya üzrə 400-dən çox komanda, 2500-dən artıq iştirakçı yarışıb. Qalib komandalar “Robotex”in final mərhələsində iştirak hüququ qazanıblar.

Eyni zamanda, ADPU-nun STEAM Mərkəzinin direktoru, dosent Arzu Daşdəmirov da “Robotex Türkiyə”də ziyarətçi qismində iştirak edib.

Bənzər yazılar