20-21 aprel tarixləri Green Start Academy Psixologiya Təlim və İnkişaf Mərkəzi üçün möhtəşəm bir bayrama çevrildi. Qeyd edilən tarixlərdə Mərkəzin 5 illik yubileyi ilə yanaşı, rəsmi açılış günü də baş tutdu.

20 aprel tarixində Mərkəzə çoxlu qonaqlar təşrif buyurdular. Bu sevincli və xoşbəxt gündə Green Start Academy-nin qapısı, əyləncəli zaman keçirmək istəyən hər bir kəsə açıq oldu. Bakı şəhərinin özündən və digər bölgələrdən də bu möhtəşəm günü qeyd etməyə, GSA ailəsinin sevincini birlikdə bölüşməyə, onların şad günündə bu mehriban ailənin ətrafına toplaşan dostlarının sayı olduqca çox idi. GSA ailəsinin üzvlərinin və gələn qonaqların hər birinin simasında təbəssümlər çiçək açmışdı.

İlk öncə xoş musiqi, alqış sədaları və əsrarəngiz atəşfəşanlıqla Mərkəzin həmtəssisçiləri –Aysel Rəsulzadə, Günel İsmayılova və Naibə Xankişiyeva qonaqlarla birlikdə qırmızı lenti kəsməklə, “Green Start Academy Psixologiya Təlim və İnkişaf Mərkəzi”nin rəsmi açılışını hər kəsə bəyan etdilər. Açılış mərasimində bir sıra təhsil ictimaiyyətinin vacib nümayəndələri ilə bərabər, millət vəkili Ceyhun Məmmədov da iştirak edirdi. Qonaqlarla birlikdə tort kəsildikdən sonra konfrans zalında rəsmi açılış mərasiminə aid hazırlanmış tədbir baş tutdu.

Aparıcılar tədbir iştirakçılarını salamladıqdan sonra, bizlərə “Qalib Xalq” adını qazandıran şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Tədbirdə sözləri Leyla Vahidqızına, musiqisi isə Lalə Şirinə məxsus olan Green Start Academy-nin Himninin fonunda 5 illik fəaliyyətini əks etdirən video-çarx nümayiş etdirildi. Qonaqları salamlamaq və öz təəssüratlarını iştirakçılarla bölüşmək üçün Mərkəzin baş direktoru Günel İsmayılova səhnəyə dəvət edildi. Günel xanım öz səmimiliyini və xoşxasiyyətliliyini bütün auditoriyaya yansıtmağı bacardı. O, 5 illik yubiley və rəsmi açılış münasibətilə bu işdə yaxından təşəbbüs göstərən bütün Green komandasını ürəkdən təbrik etdi. Sonra Green Start Academy-nin direktoru, eyni zamanda təşkilatın ən aktiv layihəsi olan “Sevgi Pedadaqogikası –Valideyn Məktəbi” layihəsinin rəhbəri, pedaqoq Aysel Rəsulzadə çıxış etdi. Aysel xanım qonaqları salamladıqdan və Green Start Academy-nin təsisçisi Seymur Ağayevin təbrikini çatdırdıqdan sonra 5 illik fəaliyyətin qət etdiyi yolun bütün incəliklərindən söhbət açdı. Pedaqoji, təlim, inkişaf prinsipləri istiqamətində fəaliyyət göstərən Mərkəzin bütün fəaliyyət strukturunun prioritetlərinin bir-biri ilə bağlılığından danışan Aysel xanım bu işlərlə cəmiyyətimizə – gənclərə, uşaqlara valideynlərə və müəllimlərə dəstəkçi olduğunu onların qarşısına çıxan bütün problemlərin Green komandası ilə birlikdə həll etməyə yardımçı olmaq üçün çalışdıqlarını açıqladı. Aysel xanım bu işdə yaxından xidmət edən və əzmlə çalışan hər bir kəsə təşəkkürünü bildirdi.

5 il ərzində Akademiyada həyata keçirilən “Vətən və İnsan Sevgisi”, “Valideyn Məktəbi – Sevgi Pedaqogikası”, “İlkin Tibbi Biliklərin Aşılanması”, “Mütaliə Günü”, “Akademik Gəzinti”, “Əzmin Möcüzəsi”, “Hüquqlarımızla Böyüyək”, “Qlobal Elm və Təhsil Tədqiqatları Forumu”, “Əbədiyyət Günəşi” və digər layihələr haqqında ümumi olaraq məlumat verildi. Ardından “Əbədiyyət Günəşi” layihəsinə aid maraqlı bir səhnəcik təqdim olundu; bu səhnəcik Seyid Cəfər Pişəvəri adına gimnaziyanın şagirdləri Zeynalabidin Novruzov və Ümid Quliyevin təqdimatında baş tutdu. Görkəmli şəxsiyyətlərimiz – Cəlil Məmmədquluzadə və Abdulla Şaiq obrazlarını canlandıran şagirdlərin təqdim etdiyi səhnəcik iştirakçılar tərəfindən rəğbətlə qarşılandı.

Tədbirin gedişatında millət vəkili Ceyhun Məmmədova da çıxış etmək üçün söz verildi. Ceyhun bəy bu gözəl gün münasibətilə öz ürək sözlərini qonaqlarla bölüşdü və təbriklərini söylədi. O, gənclərə, ümumilikdə cəmiyyətimizə dəstək olan Akademiyanı gördüyü işlərinə görə alqışladı.

Green Start Academy-ni bölgələrdən də təbrik edənlər oldu. Şəki şəhərindən vətənpərvərliklə bağlı gözəl şeirlərin müəllifi olan şair Zaur İlhamoğlunun təbrik münasibətilə GSA ailəsinə həsr etdiyi şeir səsləndirildi. Bunun ardınca əməkdaşlarının Green Start Academy-nin 5 illik yubleyi münasibətilə hazırladığı video-təqdimat nümayiş etdirildi. 5 illik tarixçə və səmimi hissləri ifadə edən bu təqdimat qonaqlar tərəfindən alqışlarla qarşılandı.

Sonda Aysel xanım bu ailənin hər bir üzvünə, hər zamanki ənənəsinə sadiq qalaraq təşəkkürünü bildirdi. Bu yolda GSA-nı hər zaman dəstəkləyən, onun yanında olan “Gənclərin İctimai Birliyi”, “RM Nəşriyyat”, “Əlfəcin Nəşriyyatı”, “Rise-Up”, “MyMedia”, “Emin fotoqrapy”, “Meriscake şirniyyat evi”nə də minnətdarlığını bildirən Aysel xanım bir daha, belə səmimi insanlarla çalışdığından məmnunluq hissi duyduqlarını söylədi. Tədbirin rəsmi hissəsi bitdikdən sonra əyləncəli hissəyə start verildi. Əyləncəli, musiqi dolu gözəl anlar yaşandı. Yüksək səviyyədə təşkil olunmuş fotosessiya qonaqların məmnunluğuna səbəb oldu.

21 aprel tarixində də eyniylə, bir gün öncə təşkil olunmuş “5 illik yubiley” mərasimi davam etdi. Bəstəkar Lalə Şirin və şagirdləri, eyni zamanda bütün dəvət olunan müəllim-pedaqoq heyəti ilə birlikdə əyləncəli, musiqili gözəl bir gün öz axarı ilə davam etdi. Qonaqlar gül dəstələri ilə Mərkəzi bəzədilər. Bütün bunlar Green Start Academy komandasında xoş təəəssüratlar yaratdı. “Vətən və İnsan Sevgisi” layihəsinin rəhbəri, Əməkdar müəllim Zülfiyyə Vəliyeva Green Start Academy-nin 5 illik yubleyinə həsr etdiyi kitabçanı Aysel xanıma təqdim etdi. Bütün qonaqlar və GSA ailəsi şirniyyat masası ətrafında musiqili və əyləncəli, xoş təəəssüratlarla dolu gözəl bir gün keçirdilər.

İki gün – 20-21 aprel tarixləri zamanı davam edən möhtəşəm bayram tədbiri unudulmaz və yaddaqalan anlarla dolu, xoş xatirələrlə xatırlanacaq qədər yaddaşlara həkk olundu. Məqsədi, amalı bir olan, sevincini, kədərini birgə paylaşan GSA ailəsi 5 il necə, bundan sonra da bir yumruq kimi birləşərək, cəmiyyətimizin inkişafı üçün bu yolda yaşıl işığı ilə nur saçmağa davam edəcəkdir.

Green Start Academy ailəsinin yolu dünyamızı yaşıllıqla gözəlləşdirməkdir!

 

 

 

Bənzər yazılar