1919-cu ilin sentyabrında müsəlman Şərqində ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin yaradılması müstəqil Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əlamətdar hadisə olmuşdu. Bu hadisədən bir qədər sonra BDU-nun ilk rektoru V.Y.Razumovski İtaliyada ezamiyyətdə olarkən mehmanxanada doldurduğu anketdə “vəzifəsi” sözünün qarşısında iftixar hissi ilə yazmışdı: “Bakı Dövlət Universitetinin rektoru”. Oxucuda elə təsəvvür yaranmasın ki, Azərbaycanın ilk ali məktəbinin ilk rektoru vəzifəsinə qeyri-azərbaycanlının təyin edilməsi ədalətsizlikdir. Elə buradaca deyək ki, həmin dövrdə təhsil sahəsində milli kadrlar, xüsusilə professor alimlik dərəcəsi olan şəxslər yox dərəcəsində idi və buna görə də milli kadr hazırlığı prosesinə rus alimlərinin cəlb edilməsi məqsədəuyğun hesab olunmuşdu.

Bu gün dünyanın tanınmış ali məktəbləri arasında layiqli yer tutan BDU dünyanın aparıcı ali məktəbləri ilə sıx əlaqələr yaratmışdır. Bu əlaqələrin genişlənməsində universitetimiz xarici ölkələrin ali məktəbləri ilə ikitərəfli əməkdaşlığa, beynəlxalq təhsil proqramlarında iştiraka, müxtəlif elm-təhsil qurumları ilə birgə layihələrin həyata keçirilməsinə, universitetlərin beynəlxalq assosiasiyalarında təmsil olunmağa, xarici ölkələrin Azərbaycandakı səfirlik və nümayəndəlikləri ilə əməkdaşlığa, Azərbaycan dili və ədəbiyyatının dünya birliyində təbliği və yayılmasına xüsusi əhəmiyyət verir. Universitetin professor-müəllim heyətinin xarici elm tədris ocaqlarındakı fəaliyyəti, tələbə, magistrant və doktorantların dünyanın bir çox ali məktəblərində, əcnəbi vətəndaşların isə Bakı Dövlət Universitetində təhsili məsələlərinə xüsusi diqqət yetirilir.

Bütün deyilənlərdə əsas məqsəd universitetimizin dünyanın elm və təhsil məkanında nüfuzunu artırmaq, ən məşhur universitet assosiasiyalarına qəbul olunmaq və orada mühüm mövqe tutmaq, Avropanın elm və təhsil məkanında gedən inteqrasiya proseslərinə qoşulmaq və bu sahədə səmərəli fəaliyyət göstərmək, ölkəmizdə təhsil alan əcnəbi tələbələrin sayını artırmaq və həmin tələbələrin təmsil etdikləri ölkələrdə diplomlarımızın tanınması istiqamətində həlledici addımlar atmaqdır.

İftixar hissi ilə qeyd etmək lazımdır ki, BDU hazırda dünyanın 50-dən artıq aparıcı universitetləri ilə ikitərəfli əməkdaşlıq edir. Bu siyahıya baxanda görürük ki, universitetimizi təkcə Avropada deyil, Yer kürəsinin bütün qitələrində yaxşı tanıyırlar. Moskva Dövlət Universiteti, Moskva Dövlət Beynəlxalq Universiteti, Sankt-Peterburq Dövlət Universiteti, Belarus Dövlət Universiteti ilə sıx əlaqələr yaradılmışdır. Bu ali məktəblərlə əməkdaşlıq müqavilələri əsasında dissertasiyalara birgə rəhbərlik, tədris təcrübəsinin, elmi konfrans və simpoziumların təşkili, tələbə və müəllim mübadiləsi, elmi informasiya mübadiləsi, elmi kitabxanalar arasında əməkdaşlıq həyata keçirilir. Qeyd edək ki, Moskva Dövlət Universitetinin coğrafiya və biologiya fakültələrinin tələbələri tədris təcrübəsini ölkəmizin Hirkan Milli Parkının və Qızılağac qoruğunun ərazisində keçirlər. Bu, rusiyalı tələbələrin nəzəri biliklərini təcrübədə tətbiq etmələrinə yaxşı şərait yaradır, eyni zamanda onlara Azərbaycanın əsrarəngiz təbiəti, Bakının görməli yerlərilə yaxından tanış olmağa imkan verir. Tələbələr bütün bunlardan əlavə, Azərbaycan xalqının mehribanlığının və qonaqpərvərliyinin şahidi olurlar.

BDU-nun beynəlxalq əlaqələrindən danışarkən bu ali məktəbdə rus mədəniyyətinin və tarixinin daha dərindən öyrənilməsinə, rus dili və ədəbiyyatının tədrisinin təkmilləşdirilməsinə necə böyük diqqət yetirildiyini qeyd etmək yerinə düşər. Universitetdə “Russkiy mir” fondunun maliyyə dəstəyi ilə həmin adda mərkəz yaradılmışdır. Mərkəz rus dili və ədəbiyyatı, Rusiya tarixi və mədəniyyətinə dair kitablar, internet resursları və texniki avadanlıqlarla təchiz edilmişdir.  2008-2009-cu tədris ilində Moskva Dövlət Universitetinin Bakı filialının açılması həm Rusiyanın, həm də Azərbaycanın təhsil və mədəniyyəti sahəsində diqqətəlayiq hadisə olmuşdur.

Müasir insan resurslarına olan ehtiyacın Azərbaycan Respublikasının ali təhsil müəssisələrində hazırlanması yolu ilə Azərbaycanda insan kapitalının dayanıqlı inkişafının təmin edilməsi, eləcə də Azərbaycan Respublikası vətəndaşlarına aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanının yaradılması məqsədilə “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” hazırlanmışdır. Proqramın əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir. Ali təhsil müəssisələrinin inkişafına dəstək verilməsi məqsədilə beynəlxalq təcrübənin öyrənilərək tətbiq edilməsi vacib prioritetlərdəndir.

BDU  rektor Elçin Babayevin rəhbərliyi altında ölkədə elm və təhsilin inkişafına,  Azərbaycanda dünya miqyaslı elmi nəticələrin alınmasının reallaşdırılmasına və bu nəticələrin öz tətbiqini tapmasına yüksək səviyyədə xidmət edir. Rektor Elçin Babayevin inkişaf strategiyası “Universitet 5.0” adlanır. Yəni, strategiyanın 5 əsas komponenti var – təhsilin inkişafı, elmin inkişafı, innovasiyalar və alınmış elmi nəticələrin kommersiyalaşdırılması, sosiallıq və beynəlxalq nüfuz. Bunlar sosial yanaşmanı bir faktor olaraq önə çəkir. Müasir dövrün meyl, prioritet və çağırışları nəzərə alınmaqla islahatlar həyata keçirilir.  Ölkədə həyata keçirilən ciddi islahatlar, onun uğurlu nəticələri, eyni zamanda təhsil sahəsindəki islahatlar, dünya və Avropanın təhsil standartları uğurla tətbiq olunur.

BDU-da elm və təhsilin, idarəetmənin elektronlaşması istiqamətində ciddi konsepsiya hazırlanıb.

 

Bu gün BDU-da nəinki Azərbaycan, bütövlükdə dünya elminə sanballı töhfələr verən nüfuzlu alimlər, elm adamları çalışırlar. Onlar öz əsərləri, yenilikləri və ixtiraları ilə elmə şan-şöhrət gətirirlər.

Bu gün təhsil islahatlarının önündə gedən Bakı Dövlət Universitetinin kollektivi Avropaya surətlə inteqrasiya edən ölkəmizin gələcəyini təmin edən yüksək ixtisaslı kadrların hazırlanması üçün əlindən gələn hər şeyi edir. Universitet kollektivi Prezident İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğıya cavab olaraq, təhsildə və elmdə yüksək yaradıcılıq uğurlarını zənginləşdirmək, dünya təhsilinə və elminə inteqrasiyanı sürətləndirmək üçün gərgin səylərini davam etdirir.

Bakı Dövlət Universiteti 2023/2024-cü tədris ilini uğurla başa çatdırır.

Bu gün Azərbaycan dövləti ölkənin ilk ali təhsil ocağı kimi universitetin inkişafına daim dəstək verir. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi “Bakı Dövlət Universiteti Azərbaycanın inkişafı, Azərbaycanda təhsilin inkişafı, elmi potensialın gücləndirilməsi üçün çox mühüm rol oynamışdır. Bu rol bu gün də davam edir. Çox sevindirici haldır ki, Bakı Dövlət Universiteti bütün bu illər ərzində Azərbaycanda təhsil sahəsində öz aparıcı rolunu qoruyub saxlaya bilmişdir və bu gün bu rol daha da güclənir”.

Əlimusa İbrahimov

Siyasi Elmlər üzrə Fəlsəfə doktoru,

Politoloq

 

 

Bənzər yazılar