Mayın 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialı və  Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB)  birgə təşkilatçılığı ilə “Təmiz ətraf mühit və yaşıl artım prosesində gənclərin iştirakı” mövzusunda konfrans keçirilib.

Konfransdan öncə iştirakçılar rayondakı Heydər Əliyev Mərkəzində olub, Ulu Öndərin abidəsini ziyarət ediblər.  Daha sonra filialda konfrans işini davam etdirib.

Vətən torpaqlarının azadlığı və müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan konfransı giriş sözü ilə açan filialın direktoru, dosent Vurğun Məmmədov iştirakçıları salamlayıb, bu günlərdə mühüm tarixi hadisələrin iştirakçısı olduğumuzu xüsusi vurğulayıb. Direktor yaşadığımız bu tarixi günlərin xalq-Müzəffər Ali Baş Komandan birliyinin sayəsində əldə edildiyini və bu birliyin hər ötən gün daha da möhkəmləndiyini qeyd edib.

Çıxış edən Şəki şəhər İcra Hakimiyyətinin başçısının müavini Elman İmamverdiyev konfrans iştirakçılarını şəhər rəhbərliyi adından salamlayaraq uğurlar arzulayıb və konfransda müzakirə olunacaq məsələ ilə bağlı öz mülahizələrini bölüşüb.

TAİB-nin sədri, YAP Veteranlar Şurasının üzvü, akademik Südeyf  İmamverdiyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin memarı kimi fəaliyyətindən bəhs edib, Müzəffər Ali baş Komandan cənab İlham Əliyevin tariximizdə tutduğu yer və bütün sahələrdə ölkəmizin sıçrayışlı tərəqqiyə nail olmasına göstərdiyi səylərdən ətraflı söhbət açıb.

O, qeyd edib ki, bütün digər sahələr kimi ekoloji tarazlığın qorunmasına töhfələrin verilməsi  və bu sahə üzrə dünyaya örnək ola biləcək Azərbaycan modelinin qurulması prezidentimizim yeni dövr üçün qarşıya qoyduğu əsas hədəflərdəndir.

Daha sonra TAİB-nin sədr müavini Eyvaz Hümbətov, filialın baş müəllimi Səadət Feyzullayeva mövzu haqqında çıxış ediblər.

Konfransın ikinci hissəsi filialın Humanitar fənlər kafedrasının baş müəllimi, şair-dramaturq, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin Şəki bölməsinin sədri Vaqif Aslanın yaradıcılığına həsr olunub.

Bənzər yazılar