Azərbaycan memarlığının incilərindən sayılan Şəkidə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “ArchiVision WeekEND Camp” təşkil olunub.

3-5 may tarixlərində keçiriləcək “Camp”da AzMİU-nun Dizayn fakültələrində təhsil alan 90 tələbəsi Şəki şəhəri, şəhərin tarixi-memarlıq abidələri ilə tanış olacaq, müxtəlif əyləncə proqramlarında iştirak edəcək, panel müzakirə və vörkşoplara (Dizayn sərgisi) qatılacaqlar.

Şəki Olimpiya İdman Kompleksində baş tutan “Camp”ın ilk günü iştirakçılar Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Daha sonra proqrama uyğun olaraq iştirakçılar üçün birinci gün master-klaslar və vörkşoplar təşkil olunub. Dizayn fakültəsinin dekanı Fərid Kərimovun apardığı master-klaslar “Bildiyimiz və Bilmədiyimiz memarlıq”, “İctimai məkanda inklüzivlik tədbirlərinin keçirilməsi ilə müyəssər mühit modelinin yaradılması” mövzularına, Əsmər Məmmədovanın təqdimatında vörkşoplar “Müxtəlif həndəsi fiqurlardan hazırlanmış Abstrakt installyasiya”, “Şəhər mühitinin təşkilində iştirak edəcək binaların fasad görünüşlərinin maketi” mövzularına həsr olunub.

“Camp”da, həmçinin iştirakçılar ara fasilələr zamanı AzMİU Tələbə Gənclər Təşkilatının üzvləri ilə birgə tanışlıq və şəbəkələşmə oyunları oynayıb, idman növləri üzrə ( futbol, tenis, voleybol, üzgüçülük, stolüstü tenis) aktiv fəaliyyətə cəlb ediliblər.

Qeyd edək ki, “Camp”ın açılış və plenar müzakirəsi mayın 4-də keçiriləcək.   Açılış mərasimində Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor Gülçöhrə Məmmədova, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, universitetin və nazirliyin əməkdaşları da iştirak edəcək.

 

Bənzər yazılar