Dərc olunub: 05.05.2024

 

Azərbaycan memarlığının incilərindən sayılan Şəkidə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “ArchiVision WeekEND Camp” təşkil olunub.

3-5 may tarixlərində keçiriləcən “camp”da AzMİU-nun Dizayn fakültələrində təhsil alan 90 tələbəsi Şəki şəhəri, şəhərin tarixi-memarlıq abidələri ilə tanış olacaq, müxtəlif əyləncə proqramlarında iştirak edəcək, panel müzakirə və vörkşoplara (Dizayn sərgisi) qatılacaqlar.

Şəki Olimpiya İdman Kompleksində baş tutan “camp”ın ikinci günündə panel müzakirələr və vörkşop təşkil olunub.

Panel müzakirələrinin spikerləri AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova və gənclər və idman nazirinin müavini İndira Hacıyeva olub.

Gülçöhrə Məmmədova Azərbaycan memarlığı, dizayn mühitinin formalaşdırılması, tarixi abidələrin mühafizəsi və digər əlaqəli mövzularla bağlı danışıb.

İndira Hacıyeva çıxışında ölkəmizdə aparılan gənclər siyasəti, bu siyasətin gənclərin fərdi və komanda şəkilində inkişafına müsbət təsirindən danışıb.

Daha sonra Gülçöhrə Məmmədova və İndira Hacıyeva tələbələrin suallarını cavablandırıblar.

Çıxışlardan və sualların cavablandırılmasından sonra AzMİU tələbələrinin hazırladığı dizayn layihələrinin maketlərinə baxış keçirilib. Tələbələr rektora və nazir müavininə layihələr haqqında məlumat veriblər.

Qeyd edək ki, “camp”ın ilk günündə iştirakçılar ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Daha sonra proqrama uyğun olaraq iştirakçılar üçün master-klaslar və vörkşoplar təşkil olunub. Dizayn fakültəsinin dekanı Fərid Kərimovun apardığı master-klaslar “Bildiyimiz və Bilmədiyimiz memarlıq”, “İctimai məkanda inklüzivlik tədbirlərinin keçirilməsi ilə müyəssər mühit modelinin yaradılması” mövzularına, Əsmər Məmmədovanın təqdimatında  vörkşoplar “Müxtəlif həndəsi fiqurlardan hazırlanmış Abstrakt installyasiya”, “Şəhər mühitinin təşkilində iştirak edəcək binaların fasad görünüşlərinin maketi” mövzularına həsr olunub.

Campda, həmçinin iştirakçılar ara fasilələr zamanı AzMİU Tələbə Gənclər Təşkilatının üzvləri ilə birgə tanışlıq və şəbəkələşmə oyunları oynayıb, idman növləri üzrə (futbol, tenis, voleybol, üzgüçülük, stolüstü tenis) aktiv fəaliyyətlə cəlb ediliblər.

Bənzər yazılar