Dərc olunub: 06.05.2024

Mayın 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş festival gecəsi keçirilib.

Bədii tədbirdə Pedaqoji Universitetin rəhbərliyi, müəllim və tələbələr iştirak ediblər.

Əvvəlcə, Dövlət Himni ifa olunub, Ulu Öndərin və şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru, professor Cəfər Cəfərov qeyd edib ki, universtietdə tələbələrin sosial-ictimai fəaliyyətlərinin stimullaşdırılması, onların öz ideya və layihələrini reallaşdırmaları üçün bütün zəruri şərait təmin olunur, fəal tələbələr və tələbə təşkilatlarının  işi təkcə universitet daxilində deyil, eləcə də ölkə miqyasında öz əks-sədasını verir. Bildirilib ki,  Ulu Öndərin xatirəsinə həsr olunmuş tədbirlər bu sırada xüsusi yer tutur. Bu baxımdan ADPU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkil ediyi festival gecəsində də istedadlı tələbələr müxtəlif bədii yaradıcılıq nümunələrini təqdim edəcəklər.

ADPU THİK sədri Cəmilə Qurbanova çıxış edərək göstərilən diqqətə görə universitet rəhbərliyinə təşəkkür edib. O diqqətə çatdırıb ki, təşkilat tərəfindən tələbələrin bədii yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi və dəstəklənməsi istiqamətində sistematik fəaliyyət icra olunur. Vurğulanıb ki, Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə keçiriləcək ali məktəb tələbələrinin Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş bədii yaradıcılıq festivalında Pedaqoji Universitetin 38 tələbəsi iştirak edəcək.

Sonra isə festivala start verilib. Festivalda universitet tələbələrinin təqdim etdikləri bir-birindən maraqlı səhnələr, mahnılar, rəqslər və şeirlər izləyicilərin ruhunu oxşayıb.

Bənzər yazılar