Dərc olunub: 08.05.2024

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi  ilə “Tədqiqatçılar arasında transdissiplinarlıq strategiyaları ilə bağlı maarifləndirmə fəaliyyətinin təşkili” layihəsi çərçivəsində Bakı Slavyan Dövlət Universiteti universitet müəllimləri, gənc alimlər, doktorantlar və magistrlər üçün seminar keçirilmişdir.  Universitetin rektoru Anar Nağıyev tədbiri giriş sözü ilə açaraq layihənin əhəmiyyətindən danışdı. Rektor layihənin müasir bilik istehsalının dinamikası kontekstində institusionallaşma prosesini araşmasına diqqəti yönəldərək bunun müasir çağırışlardan irəli gəldiyini qeyd etdi.

Layihənin rəhbəri, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri fəlsəfə doktoru İlqar Orucov bildirdi ki, layihə on universitetdə reallaşdırılıb və ümumilikdə 960 nəfəri əhatə etməsi nəzərdə tutulsa da iştirakçıların ümumi sayı 1200-dən artıq olmuşdur. O bildirdi ki, layihə təkcə elmi tədqiqatçılar üçün deyil, təhsilverənlər və təsilalanlar üçün də mühüm əhəmiyyətə malikdir.

Seminar iştirakçılarına fənlərarası münasibətlər və yeni biliklər yaradıcılığı üzrə transdisiplinarlıq strategiyaları, yeni biliklər istehsalında metod və vasitələr, strategiyalar barədə ətraflı biliklər verilmişdir.

İştirakçılar eyni zamanda bilik istehsalının yeni üsulu ilə əlaqəli bir sıra xüsusiyyətlər – refleksivlik, transdissiplinarlıq, heterogenlik – onlar arasındakı əlaqələr və biliyin sosial münasibətlərdə dəyişən rolu ilə bağlı  geniş məlumatlar əldə etmişlər. Həmçinin, tədbirdə bilik istehsalının yeni üsuluna xas olan metodoloji çətinliklər və bunun təhsil-elm siyasəti, beynəlxalq iqtisadi rəqabət, əməkdaşlıq və qloballaşma üçün təsirləri müzakirə olunmuşdur.

Müzakirələr şəraitində həyata keçirilən seminarlarda ekspert iştirakçıların suallarını cavablandırmış, seminar iştirakçılarına çap məhsulları paylanmış və sertifikatlar təqdim olunmuşdur.

Məlumat üçün bildirək ki, layihə 10 ali təhsil müəssisəsində – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Texniki, Azərbaycan Dövlət Pedaqoji, Bakı Mühəndislik, Azərbaycan Neft və Sənaye, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət, Azərbaycan Dövlət İqtisad, Azərbaycan Dillər, Bakı Slavyan, Azərbaycan Memarlıq və İnşaat universitetlərində həyata keçirilmişdir.

Bənzər yazılar