Dərc olunub: 10.05.2024

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tələbə və magistrantların 46-cı elmi konfransı keçirilib.

Ənənəvi olaraq təşkil olunan konfransı universitetin rektoru, professor Gülçöhrə Məmmədova açaraq  konfransın gənclərin elmi fəaliyyətinə stimul olacağını, müstəqil araşdırmalar aparmaq, elmi məqalələr hazırlamaq vərdişlərini inkişaf etdirəcəyini söyləyib. Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunan konfransda Dahi Liderin müasir və müstəqil Azərbaycanın inkişafı istiqamətindəki fəaliyyətinə də toxunub.

Rektor çıxışı zamanı bildirib ki, hazırki yüksək inkişaf və tərəqqi mərhələsinə qədəm qoymuş Azərbaycan bu tarixi mərhələyə heç də qısa zaman kəsiyində və asan yolla çatmayıb. Ölkəmizin dinamik templərlə bütün sahələrdə tərəqqisini özündə ehtiva edən inkişaf strategiyası yalnız Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Azərbaycanın hər bir bölgəsində nəhəng layihələr, yenidənqurma işləri aparıldı, təhsilə, elmə, vətəndaşların sosial rifahının yüksəldilməsinə diqqət yetirildi.

Gülçöhrə Məmmədova Ulu Öndərin ölkəmizdə təhsilin inkişafına olan xüsusi qayğısından da danışıb: “Heydər Əliyev yaxşı bilirdi ki, cəmiyyətin tərəqqisinə, elmin, mədəniyyətin inkişafına təsir göstərən ən qüdrətli vasitələrdən biri də təhsildir. Bu səbəbdən də bütün fəaliyyəti boyu həmin sahələrə diqqət və qayğısını əsirgəməmiş, cəmiyyətdə yüksək bilikli, intellektual təbəqənin formalaşmasına çalışmışdır”.

Rektor Gülçöhrə Məmmədova son 2 ildə universitetin Tələbə Elmi Cəmiyyətinin də fəaliyyətinə diqqət çəkib. Müəyyən irəliləyişlərin olduğunu qeyd edərək, görülən işləri müsbət dəyərləndirib.

TEC-in sədri Günel İmamquliyeva çıxışında hər il may ayında təşkil olunan tələbə və magistrantların respublika elmi konfransının gənclərin elmi yaradıcılığına diqqətin təzahürü olduğunu bildirib.

Bununla yanaşı rəhbərlik etdiyi müddətdə TEC-in fəaliyyəti, görülən işlər barədə ümumi məlumat verib. Konfrans iştirakçılarını bu ilki konfransın hazırlıq mərhələsi haqqında məlumatlandırıb. Konfransa hazırlıq dönəmində tələbə və magistrantlar üçün məqalə və tezislərin yazılması barədə seminarların təşkil olunduğunu vurğulayıb.

Konfransda TEC-in Ulu Öndər Heydər Əliyevlə bağlı hazırladığı videoçarx nümayiş etdirilib.

Daha sonra tələbə və magistrantların “Sudurulducunun litullayan kamerasının təkmilləşdirilmiş konstuksiyası”, “Çoxmərtəbəli monolit dəmir-beton binaların tikintisinin təşkilatı-texnoloji səmərəliliyinin yüksəldilməsi yolları” , “Masazır gölünün ətraf mühitinin ekoloji qiymətləndirilməsi” və digər mövzularda məruzələri dinlənilib.

Konfrans öz işini bölmələrdə davam etdirib. İki gün davam edən konfransın bölmə iclaslarında tələbə və magistrantlar 542 elmi məruzə ilə çıxış ediblər.

Bənzər yazılar