Dərc olunub: 24.05.2024

 

Mayın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 44 günlük Vətən müharibəsində şəhid olan Cavid Həsənova həsr edilmiş “Yuxumdakı şəhid” sənədli filminin təqdimatı keçirilib.

ADNSU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) və “Biz Bİr Ailəyik” Əlilliyi olan şəxslərə dəstək İctimai Birliyinin, Erfolg Events MMC-nin təşkilatçılığı ilə keçirilən təqdimat mərasimində ADNSU-da şəhidlər üçün ucaldılmış abidə kompleksi ziyarət olunub, şəhidlərin xatirəsi yad edilib.

Universitetin Akt zalında davam edən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində keçdiyi şərəfli yoldan və qazanılan şanlı zəfərdən danışıb. ADNSU-nun 23 nəfər şəhid məzunu olduğunu diqqətə çatdıran dosent Vazeh Əskərov universitetdə bütün şəhidlərin xatirəsinin hər zaman dərin ehtiramla yad olunduğunu bildirib və qəhrəman oğulların şərəfli həyat və döyüş yolunun gələcək nəsillərə çatdırılmasının vacibliyindən danışıb.

Şəhid Cavid Həsənovun anası Mirvari Həsənova oğlu ilə qürur duyduğunu deyib və onunla bağlı xatirələrini bölüşərək şəhidlərin xatirəsinə göstərilən diqqət və ehtirama görə təşəkkürünü bildirib.

“Biz bir ailəyik” Əlilliyi olan şəxslərə dəstək İctimai Birliyinin (İB) sədri Günay Ağazadə çıxışında yuxusunda gördüyü şəhid Cavid Həsənov haqqında filmin ideyasından danışıb və şanlı zəfər tarixini yazan bütün şəhidlərin daim qəlbimizdə yaşayacağını deyib.

Tədbir   ADNSU-nun “Gənclik” Mahnı və rəqs ansamblının, eləcə də tələbələrin çıxışlarında bədii hissə ilə davam edib.

Sonda 44 günlük Vətən müharibəsi şəhidi Cavid Həsənova həsr olunmuş “Yuxumdakı Şəhid” filmi nümayiş olunub.

Bənzər yazılar