Dərc olunub: 24.05.2024

Lənkəran Dövlət Universitetində (LDU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Gəncləşən və müasirləşən Lənkəran Dövlət Universiteti Lənkəran şəhərinin-türk dünyasının gənclər paytaxtının simvoludur” mövzusunda  hibrid formatda (canlı və onlayn) Respublika elmi-praktik konfransı keçirilir. Konfransda  Lənkəran-Astara Regional Təhsil idarəsinin müdiri Bəhruz Mehdiyev, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin müdiri Bəxtiyar Qılıncov, Lənkəran-Astara Regional  Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə  iştirak edib.

Konfransın plenar iclasını Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov açıb və belə tədbirlərin elmi mühitin formalaşmasına müsbət təsirindən, LDU-nun son illərdə əldə etdiyi uğurlardan, bu uğurların əldə edilməsində universitetdə çalışan gənclərin payından, gənc alimlərin elmi nailiyyətlərindən danışıb. Açılış nitqindən  sonra LDU-da keçirilmiş 7-ci  Zona Fənn Olimpiada qaliblərinin mükafatlandırılması  olub. Qaliblərə diplom, medal və xatirə hədiyyələri təqdim edilib.

LDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dos. Zaur Məmmədov “Cənub mirvarisi Lənkəran Türk Dünyasının mədəni həyatında”, “Tarix və onun tədrisi metodikası” kafedrasının müdiri, dos. Kamal Mahmudov “Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin banisidir”, dos.  Fərid Xankişiyev “Gəncləşən və müasirləşən LDU və gənclər paytaxtı Lənkəran” mövzusunda məruzə ediblər.

Plenar iclasdan sonar konfrans işini 3 bölmədə-humanitar,  təbiyyat və riyaziyyat, aqrar və iqtisadiyyat elmləri bölmələrində davam etdirir. Konfransda 180-ə yaxın tezis dinləniləcək. Qeyd edək ki, konfransın işində LDU-dan əlavə 19 ali təhsil müəssisəsindən və təşkilatlardan   tədqiqatçı-alimlər iştirak edir.

Bənzər yazılar