Dərc olunub: 25.05.2024

Nadir İsrafilov: “Bu qadağa  məktəbdə təlim-tərbiyə işinin sağlam əsaslarda qurulmasına, məktəbin, müəllimin nüfuzunun qorunmasına yardımçı ola bilər”

Müəllimlərin şəxsi sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmaq qadağan edilib. Bu, yeni təsdiqlənən “Təhsilverənlərin etik davranış Qaydaları”nda öz əksini tapıb.

Belə ki, təhsilverən xidməti fəaliyyətindən kənar sosial münasibətlərinin peşəkar fəaliyyətinə nüfuz etməsinə yol verməməli, sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmamalıdır.

“Təhsilverən təhsil müəssisəsinin nüfuzunu möhkəmləndirməyə, öz adını, şərəf və ləyaqətini uca tutmağa borcludur”

Mövzu ilə bağlı fikir bildirən təhsil eksperti Nadir İsrafilov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024-cü il tarixli  Qərarı ilə təsdiq edilmiş “Təhsilverənlərin etik davranış Qaydaları”nda  ən zəruri və aktual sayılan maddələrdən biri, məhz təhsilverənlərin xidməti fəaliyyətindən kənar davranışı ilə bağlı xidməti fəaliyyətindən kənar sosial münasibətlərinin peşəkar fəaliyyətinə nüfuz etməsinə yol verməməsi qeyd edilib. Müəllimlərin şəxsi sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomaterialları, təsvirləri paylaşmağın qadağan edilməsi barədə 4.3. maddəsidir. Bəli, təhsilverən təhsil müəssisəsinin nüfuzunu möhkəmləndirməyə, öz adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Bu, həm də hər şeydən əvvəl təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resurslarının  inkişaf etdirilməsi, strateji hədəf kimi müəllimlərin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılmasıdır. Eyni zamanda, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması  və müəllim peşəsinin nüfuzunun artırılması barədə  “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın birbaşa tələbidir. Bir də ki, sosial mediada məktəbin, müəlimin nüfuzuna xələl gətirən, təlim-tərbiyə işinə təsirsiz ötüşməyən, ən başlıcası isə, ən çox qınağa tuş gələn əsas amillərdən biri məhz audio və videomateriallar və digər təsvirlərlə bağlı paylaşımlardır. Çox təəssüf ki, belə paylaşımlar edənlərin sırasında müəllimlər də heç az deyil.  Əgər nəzərə alsaq ki, ən effektiv təsir vasitəsi şəxsi nümunədir, bu halda  müəllimin bu kimi nümunəsi öz yetirmələrinə hansı təsir effekti ver bilər?”.

Ekspert onu da bildirdi ki, təhsilverən sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmamalıdır: “Bəlkə də məhz bu qadağa  məktəbdə təlim-tərbiyə işinin sağlam əsaslarda qurulmasına, məktəbin, müəllimin nüfuzunun qorunmasına, müəllimə hörmətin, təhsil müəssisəsinə ictimai etimadın artırılmasına əsaslı şəkildə yardımçı ola bilər”.

 

Bənzər yazılar