Dərc olunub: 25.05.2024

Ay günəşin buludların arxasında gizlənməsinə iradını bildirir. Ay öz işığını Günəşdən alır, Günəş isə bundan xəbərdar ola-ola öz işığını Aydan əsirgəyir. Ay hiddətlənir:
– Ey Günəş, məndən işığını nə üçün əsirgəyirsən?! Bilmirsən, mən sənin sayəndə parlayıram?
Günəş sakit bir tərzdə deyir:
– Sən özün öz işığını tapmalısan.
Ay daha da qəzəblə cavab verir:
– Axı bu mümkün deyil! Birincisi, sən öz vəzifəni yerinə yetirməkdən boyun qaçırırsan, ikincisi isə mən sənin Tur dağının təpəsində bərq vurmağını istəyirəm. Sənin şüalaranı hamı sevir, mən də onlara möhtacam.
Günəş gülümsəyir və buludların arxasında yenidən yerinə alarkən Aya səslənir:
– Öz işığını tapsan, mənə möhtac olmayacaqsan. Bunu isə mənim şüalarımın altında edə bilməzsən.
Ay anlamırdı. Günəşi olan bir cisim nə üçün kainat kimi boş bir materiyada işıq axtarışında olmalı idi ki?!
O gündən Ay qaranlıq gecələrdə Günəşinə möhtac öz işığının axtarışında mübarizəsini davam etdirir. Bəzən paralanır, bəzən isə o da buludların arxasına çəkilib özünü təsəlli edir və bəşəriyyətə güclü, tam bir halda göstərir özünü. İşığını heç kimdən əsirgəməmək üçün çırpınır. Ayın da, Günəşin də bilmədiyi və ya anlamadığı bir şey var: Ayın öz işığına deyil, “günəş”inə ehtiyacı var. Ay hər zaman bir işartı görəndə belə Günəşi xatırlayacaq, amma əsla “günəş”ini tapa bilməyəcək.

Həyatımıza nur saçan insanların şərəfinə…

Bənzər yazılar