Mayın 1-də Təhsil Nazirliyinin 2016-cı ildə gördüyü işlərə həsr olunmuş hesabat tədbiri keçirilib.
Əvvəlcə nazirliyin 2016-cı ildə təhsil sahəsində həyata keçirdiyi tədbirlər və yeniliklərlə bağlı “Təhsil” televiziyasının hazırladığı videoxronika nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, nazirliyin təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev təhsil sahəsinin inkişaf dinamikası ilə bağlı təqdimatla çıxış edib.
Təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əhəmiyyətindən və bu Strategiyaya uyğun olaraq təhsildə reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışıb.
Ümumtəhsil, peşə-ixtisas, ali və orta ixtisas təhsili sahəsində həyata keçirilən layihələr barədə məlumat verən nazir təhsildə müasir idarəetmənin mühüm rolunu diqqətə çatdırıb.
M.Cabbarov, eyni zamanda, təhsil sahəsində görülən işlər və qarşıda duran başlıca hədəflərlə bağlı cəmiyyətin rəyinin öyrənilməsinin, birgə müzakirələrin aparılmasının və ictimai dialoq mühitinin yaradılmasının vacibliyini vurğulayıb.
Nazir son dövrlərdə müəllimlərin səriştəlilik səviyyəsi ilə bağlı müxtəlif diaqnostika və tədqiqatların aparılmasının onları daha yaxşı tanımağa, ehtiyaclarını daha yaxşı başa düşməyə imkan verdiyini bildirib. M.Cabbarov vurğulayıb ki, müəllim olmaq istəyənlərin sayının artması, yüksək nəticə göstərmiş abituriyentlərin müəllimlik peşəsini daha çox seçməsi sevindirici haldır.
Diqqətə çatdırılıb ki, IX və XI sinif buraxılış imtahanlarında, eləcə də ali təhsil müəssisələrinə qəbul imtahanında məqbul qiymət alanların sayı artıb. IX sinifdə orta hesabla son beş ildə bu artım 17 faiz olub. XI sinifdə əvvəlki ilə nisbətən bu artım 2 faiz təşkil edib. Ali məktəblərə ərizə verənlər arasında orta bal son beş ildə 177-dən 209-a yüksəlib.
2016-2017-ci tədris ilində respublikanın 2 min 795 ümumtəhsil məktəbində 4 min 410 qrupda 86 min 970 uşaq məktəbəhazırlıq təhsilinə cəlb edilib.
Digər çıxış edənlər də təhsilin inkişafı ilə bağlı fikirlərini bölüşüblər.
Dövlət və özəl qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, ali məktəblərin rektorları, təhsil işçiləri tədbirdə iştirak ediblər.
https://mektebgushesi.az

Bənzər yazılar