Son illərdə Azərbaycan Dövlət Aqrar Universitetində sessiya imtahanlarının test üsulu ilə kompyuterlərlə  keçirilməsi şəffaflığı və neqativ halların aradan qaldırılmasını tam təmin edib. İmtahanların yazılı və şifahi formada keçirilməsi də müsbət nəticələr verib, tələbələrdən, onların valideynlərindən, ictimaiyyət nümayəndələrindən və dövlət qurumlarından Universitetin elektron səhifəsinə, rektorluğa onlarla şifahi və yazılı minnətdarlıq ifadələri daxil olub.
         ADAU-nin mətbuat xidmətinin xəbərində bildirilib ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin normativ-hüquqi sənədlərinin tələb­lərinə müvafiq olaraq təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov əmr imzalayıb. Əmrdə göstərilib ki, 2016/2017-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası bakalavriat səviyyəsinin buraxılış kurslarında aprelin 27-dən mayın 24-dək, digər ixtisasların I, II və III kurslarında, “baytarlıq” ixtisasının IV kursunda, magistratura səviyyəsinin I kursunda iyunun 1-dən iyulun 5-dək müddətdə təsdiq olunan imtahan qrafikləri əsasında keçirilsin. İmtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları aradan qaldırmaq və digər tədbirləri həyata keçirmək məqsədilə Universitetdə  yaradılan «Qərargah»ın  fəaliyyət  göstərdiyi nəzərə alınsın (info@adau.edu.az). Tələbələrin arzularını və əvvəlki sessiyaların müsbət nəticələrini nəzərə alaraq imtahanlar test üsulu ilə kompyuterlərlə, şifahi və yazılı formalarda aparılsın. Test imtahanlarının sualları buraxılış kurslarında 2017-ci il aprelin 10-dək, digər kurslarda yazılı və şifahi imtahanların biletlərinin, həmçinin test imtahanlarının sualları 2017-ci il mayın 10-dək tələbələrə çatdırılsın. Yazılı imtahanların qəbulu isə Təhsil Nazirliyinin normativ-hüquqi sənədlərinin tələbləri əsasında təşkil edilsin, şəffaflıq və ictimai nəzarət təmin edilsin, imtahanların aparılmasında nizam-intizama və imtahanların gedişinə nəzarət etmək məqsədilə həmin fənlər üzrə mütəxəssis olmayan nəzarətçilər təyin edilsin. Valideynlərə, kütləvi informasiya vasitələrinin nümayəndələrinə arzu etdikləri təqdirdə imtahanlarda iştirak etmək üçün şərait yaradılsın.
Bütün bunların nəticəsidir ki, hazırda imtahanlar yüksək səviyyədə gedir, gün ərzində 800 tələbənin biliyi qiymətləndirilir. 1-2 nəfər istisna olmaqla tələbələr hazırlıqlarının bəhrəsini görə bilir. Demək yerinə düşər ki, imtahanların artıq 4-cü günüdür və ilk olaraq 4-5-ci kurs tələbələri əldə etdiyi biliyi sınaqdan keçirir.
 
https://mektebgushesi.az

 
        
        
        
        
        
 

Bənzər yazılar