05-06 may 2017-ci il tarixində Lənkəran Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Təbiət və Humanitar elm sahələrinin inkişaf problemləri” mövzusunda Respublika Elmi Konfransı keçirilmişdir.
Açılışdan əvvəl konfrans iştirakçıları Lənkəran şəhərinin Heydər Əliyev parkında Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri qoymuşlar.
Elmi Konfransın açılışı Lənkəran Şəhər Heydər Əliyev Mərkəzində olmuşdur. Konfransı giriş sözü ilə açan Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov tədbir iştirakçılarını salamlamış, konfransın məqsəd və vəzifələrini açıqlamışdır.
Azərbaycan Respublikasının Dövlət Himni səslənmişdir.
Plenar iclası giriş sözü ilə açan prof. Natiq İbrahimov qeyd etmişdir ki, Ulu öndər Heydər Əliyevin zəngin nəzəri irsində və fəaliyyətində təhsil və elm siyasəti xüsusi yer tutmuşdur. Ümummilli Lider ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində təhsilin xüsusi rolunu, əhəmiyyətini yüksək qiymətləndirmişdir.
Ulu öndər siyasi xəttinin mübariz davamçısı İlham Əliyev də elm və təhsili dövlət siyasətinin əsas prioritetlərindən biri hesab etmişdir. Belə ki, son illərdə bu istiqamətdə kifaəyət qədər işlər görülmüş, Elmin İnkişaf Fondu, Bilik Fondu yaradılmış, Təhsil strategiyası işlənmiş, Texnoparklar və digər iri həcmli elmi layihələrin icrasına start verilmişdir.
Cənab Prezidentin hörmətli Mehriban xanım Əliyevanı I Vitse-prezident təyin etməsi nəticəsində mədəniyyətin, elmin və təhsilin inkişafına təkan verildiyi vurğulandı.
Plenar iclasda Bakı Dövlət Universitetinin şöbə müdiri, professor Yusif Qasımov “Təbiət elm sahələrinin inkişaf problemləri” mövzusunda geniş məruzə ilə çıxış etmiş, elmi – tədqiqatlarda Təbiət elmlərinin keyfiyyətin təminatı ilə əlaqədar ali və dünya təhsilində həyata keçirilən tədbirlərdən, qarşıda duran vəzifələrdən ətraflı bəhs etmişdir.
İkinci məruzəni Lənkəran Dövlət Universitetinin Tədqiqat işləri və innovasiyalar üzrə prorektoru vəzifəsini icra edən Professor Yədulla Ağazadə etmişdir. Onun məruzəsi “Humanitar elm sahələrinin inkişaf problemləri haqqında” oldu. Prof. Y.B.Ağazadə Ümummilli lider Heydər Əliyevin bütün elm sahələri ilə yanaşı humanitar elm sahələrinə olan diqqətini, xüsusən Azərbaycan dili və Azərbaycan tarixinə xüsusi diqqətin ayrılmasını alimlərin qarşısında öhdəlik kimi qoyduğundan danışdı. Eyni zamanda Humanitar elm sahələrinin əsas inkişaf problemlərindən, digər elmlərlə qarşılıqlı əlaqələrindən, eləcə də ali təhsildə humanitar elm sahələrinin yeni təlim texnologiyaları vasitəsilə tələbələrə tədris edilməsi haqqında geniş məruzə etdi.
Məruzələr ətrafında Universitetin məzunu, hal hazırda Təhsil Problemləri İnstitutunun doktorantı Murat Kadifeçi, Naxçıvan Müəllimlər İnstitututunun Tərbiyə işlər üzrə prorektoru prof. Sədaqət Həsənova, Azərbaycan Dövlət Peqoqoji Univeritetinin Tədrisin Təşkili və Təlim Texnologiyaları Mərkəzinin direktor müavini dos. Ənvər İmanov çıxış edərək təhsildə keyfiyyət təminatının elmi-metodik əsasları, yeni təhsil
texnologiyalarının ali təhsildə tətbiqi, təhsil keyfiyyətinin təmin olunmasında Avropa standartlarının, ikili təhsil proqramlarının rolu və əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparıldı.
Lənkəran Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Asif İmanlı Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun salamlarını çatdırmış, LDU-nun uğurlarından, eləcə də elmin, təhsilin inkişafına istiqamətlənmiş Konfransın işinə uğurlar arzulamışdır.
Plenar iclasın sonunda konfrans iştirakçılarının xahişinə əsasən möhtərəm prezident İlham Əliyev cənablarına müraciət mətni hazırlanmış və müraciəti Universitetin Elm və beynəlxalq əlaqələr şöbəsinin baş müəllimi Zaur Məmmədov oxumuşdur.
Konfrans “Dilçilik və ədəbiyyatşünaslıq”, “Xarici dillər”, “Riyaziyyat”, “Təbiət elmləri”, “Tarix, fəlsəfə və beynəlxalq münasibətlər”, “Pedaqogika, psixologiya və multikulturalizm”, “İqtisadiyyat”, “Texnologiya, texnika və aqrar” elmləri üzrə 8 bölmədə davam etdirilmişdir. Ümumilikdə müxtəlif mövzularda 250-dən çox məruzə dinlənilmişdir .
Konfransın yekununda bölmə sədrlərinin hesabatları dinlənilmiş, İştirakçılara sertifikatlar verilmiş, tezis və məruzələrin nəşri qərara alınmışdır.
İki gün davam edən konfransda respublikanın müxtəlif ali məktəblərinin, bölgənin elm və təhsil müəssisələrinin nümayəndələri iştirak etmişlər.

Bənzər yazılar