Azərbaycan universitetlərinin nümayəndə heyəti aprelin 29-dan ABŞ-da səfərdə olub. Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədovanın başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə AzMİU-nun, Azərbaycan Dövlət Neft və Sənaye, Azərbaycan Texniki universitetlərinin müəllimləri daxildirlər.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycan nümayəndə heyətini ABŞ-ın Dövlət Departamentinin məsul şəxsləri qarşılayıblar. Səfərin ilk günü Dövlət Departamentində görüş təşkil edilib, səfərin məqsəd və proqramı barədə müzakirələr aparılıb.
Daha sonra nümayəndə heyəti Nyu-York Texniki Universitetində olub. Burada qonaqları universitetin prezidenti Rahmat Şaruhi və müəllimlər qarşılayıblar. Görüş zamanı müəllim-tələbə mübadiləsi və əməkdaşlıq məsələləri müzakirə edilib, nümayəndələrimiz universitetlə tanış olublar.
Sonra azərbaycanlı qonaqlar Nyu-York Phantom Opera Teatrında tamaşaya baxıblar.
Səfərin ikinci günü Nyu-York Memarlıq Məktəbində görüş keçirilib. Burada geniş fikir mübadiləsindən sonra nümayəndə heyəti tədris prosesi və laboratoriyalarla tanış olub. Günün ikinci yarısında Nyu-Cersi ştatında yerləşən Nyu-Cersi Texnologiya Universitetində görüş təşkil edilib. Burada nümayəndə heyətinin üzvlərini bu ali məktəbin vitse-prezidenti və məsul şəxslər qarşılayıblar. Universitetlə tanışlıqdan sonra qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.
Daha sonra nümayəndə heyəti Miçiqanın Kalamazu şəhərinə yola düşüb, buradakı Kimya Kollecinin İnnovasiya Mərkəzində, Mühəndislik və Kalamazu Kommuniti kolleclərində, Miçiqan Universitetində olub. Səfər zamanı universitetlərlə tanışlıq olub, əlaqələrin qurulması barədə fikir mübadiləsi aparılıb.
Səfəri çərçivəsində Azərbaycan nümayəndə heyətinin Texas ştatının Hyuston şəhərindəki universitetləri ilə tanışlıq da nəzərdə tutulub.
https://mektebgushesi.az

Bənzər yazılar