Bu il ilk dəfə müəllimlərin işə qəbulu ilə bağlı musiqi, fiziki tərbiyə və təsviri incəsənət fənləri üzrə müsahibə mərhələsi vakansiya seçimindən əvvəl həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, ötən həftə başa çatan müsabiqənin test mərhələsində qırx minə yaxın müəllim iştirak edib. Mövcud qaydalara əsasən, müəllimlər test mərhələsindən sonra vakant yerləri seçirlər. Vakant yeri tutmaq hüququ qazananlar müsabiqə mərhələsinə dəvət olunurlar.
Bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə edilən yeniliyə əsasən musiqi, fiziki tərbiyə və təsviri incəsənət fənləri üzrə test imtahanından keçid balını toplayan namizədlərin praktik bacarıqları, qabiliyyətləri qiymətləndirildikdən sonra onlar vakant seçimi mərhələsinə buraxılacaqlar.
Üç fənn üzrə qabiliyyət imtahanlarında iki minədək müəllim iştirak edib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilən müsahibə mərhələsində müəllimlərin fiziki bacarıqları yoxlanılıb.Test imtahanı mərhələsində keçid balı toplayan, lakin qabiliyyət imtahanı verə bilməyən müəllimlərə əlavə şans verilməyəcək, yəni onlar vakansiya seçimi mərhələsinə buraxılmayacaqlar. Amma il ərzində yaranan vakant yerlərdə həmin müəllimlərlə müddətli əmək müqaviləsi bağlana bilər.
Qeyd edək ki, növbəti həftə ərzində musiqi və təsviri incəsənət fənləri üzrə imtahandan uğurla keçən namizədlər üçün qabiliyyət imtahanları keçiriləcək.

Mektebgushesi.az

Bənzər yazılar