Slovakiyanın Bratislava şəhərində Slovak Texnologiya Universitetində diferensial tənliklər üzrə keçirilən ənənəvi “EquaDiff-2017” beynəlxalq konfransında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçiləri Anar Rəhimov və Elşən İbayev ölkəmizi təmsil ediblər. Tədbirə dünyanın 40-a yaxın ölkəsindən 400-dən çox nüfuzlu alim qatılıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, A.Rəhimov minisimpoziumda “Qeyri-lokal şərtlərlə verilmiş tərs mənbə məsələlərinin ədədi həllinə yanaşma” mövzusunda məruzə ilə çıxış edib. E.İbayevin isə “Semimarkov dolaşma prosesinin bir növünün birgə paylanmasının Laplas-Stiltiyes çevirməsi” mövzusunda məruzəsi dinlənilib.
Hər iki məruzə konfrans iştirakçılarının marağına səbəb olub, mövzu ərafında müxtəlif suallar verilib.
Növbəti “EquaDiff-2019” konfransının 2019-cu il iyulun 8-dən 12-dək Niderlandın Laiden şəhərində keçirilməsi qərara alınıb.
“EquaDiff” konfransı 1962-ci ildən başlayaraq diferensial tənliklərin riyazi analizi, ədədi aproksimasiyası və tətbiqləri üzrə iki ildən bir keçirilir. Bu konfrans növbə ilə Çex Respublikası, Slovakiya, Qərbi Avropada keçirilir. Son onilliklərdə “EquaDiff” diferensial tənliklərin fundamental konsepsiyadan tutmuş tətbiqə qədər bütün riyazi və ədədi aspektləri üzrə ideyaların beynəlxalq mübadiləsi üçün platformaya çevrilib.
 
Mektebgushesi.az

Bənzər yazılar