Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı sentyabrın 21-23-də Vyetnamın Vung Tau şəhərində Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş 2-ci Azərbaycan-Vyetnam Dostluq Forumunun işində iştirak edir.
Forumda çıxış edən rektor, prof. Mustafa Babanlı Vyetnam Sosialist Respublikası tərəfindən 4 ordenlə mükafatlandırılan bir ali məktəbi təmsil etməyin çox qürurverici bir hiss olduğunu bildirib. ADNSU-nun Avropa və Asiya regionunda ilk neft təmayüllü ali məktəb olduğunu deyən rektor M.Babanlı bu universitetin sovet dönəmində bütün dünyada Azİİ kimi tanındığını və burada Vyetnam da daxil olmaqla dünyanın hər yerindən tələbələrin təhsil aldığını qeyd edib. Azİİ ilə Vyetnam Sosialist Respublikası arasında əlaqələrin SSRİ süqut etdikdən sonra da davam etdirildiyini deyən prof. M.Babanlı 2010-cu ildə Vyetnamın “Petrovyetnam” Dövlət Neft və Qaz Şirkəti ilə birgə mütəxəssis hazırlığı haqqında müqavilə bağlandığını diqqətə çatdırıb. Rektor M.Babanlı indiyə kimi Azİİ-də Vyetnam Sosialist Respublikası üçün 437 mühəndis, 37 bakalavr, 2 magistrant, 28 elmlər namizədi və 3 elmlər doktoru hazırlandığını qeyd edib.
Forumda Vyetnam Sosialist Respublikasının prezidentinin fərmanı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Vyetnam Sosialist Respublikasının Dostluq Ordeni ilə, ADNSU-nun rektoru, professor Mustafa Babanlı isə Azərbaycan-Vyetnam Dostluq Assosasiyasının Medalı ilə təltif olunub.
Qeyd edək ki, Azərbaycan-Vyetnam Dostluq Forumunun keçirilməsi təşəbbüsü Azərbaycan Respublikası prezidenti İlham Əliyevə məxsusdur. Belə ki, 2014-cü ildə Vyetnama dövlət səfəri zamanı prezident İlham Əliyev Azərbaycan ali təhsil ocaqlarının vyetnamlı məzunları ilə görüşdə Azərbaycan-Vyetnam Dostluq Forumunun Bakıda keçirilməsi ilə bağlı AR Təhsil Nazirliyinə və Azərbaycanın Vyetnamdakı Səfirliyinə tapşırıq vermişdir. Bunun əsasında, 1-ci Azərbaycan-Vyetnam Dosluq Forumu 7 may 2015-ci il tarixində müvəffəqiyyətlə keçirilmişdir.

 
Mektebgushesi.az

Bənzər yazılar