Məsəl var, deyirlər, qulaq gündə bir söz eşitməsə kar olar. Tam da bizim təhsil sistemimizin əyninə biçilmiş məsəldi. Son illərdə təhsillə bağlı edilən yenilikləri, dəyişiklikləri, islahatları, pilot layihələri… (adamın az qalır nəfəsi tutulsun – red.) bir cümləyə sığışdırmaq mümkünsüzdü. Amma di gəl, təhsildəki problemlər bitmir ki, bitmir.
Məsələnin məğzinə keçməzdən, Türkiyədə bu günlərdə imtahanlarla bağlı edilən dəyişikliyə verilən təpkilər yadıma düşdü, birisi deyirdi ki, “cocuqlarımız sarhoşa döndü” (yəni, dəyişikliklər arasında ora-bura vurnuxan uşaqlarımız sərxoş adama oxşayırlar). Allah eləməsin, bizim balalar da sərxoşa dönsün, amma baş gicəllənməsi ola bilər. Çünki həqiqətən də son illərdə təhsildə baş vurmadığımız bir təcrübə qalmadı. Hələlik sonuncu “başvuru” cəhdi ümumtəhsil məktəblərinin özünümaliyyələşdirmə sisteminə keçidi ilə bağlıdır. Bu barədə Bakı Şəhər Təhsil İdarəsinin direktoru Məhəbbət Vəliyeva açıqlama verib. Deyib ki, 2020-ci ilə qədər məktəblər özünümaliyyələşdirmə sisteminə keçməlidir”. Amma özünümaliyyələşdirmə necə olacaq, hansı yolla, hansı üsulla, bunu deməyib. Sadəcə, vurğulayıb ki, özünümaliyyələşdirmə sisteminə keçid barədə təhsilin inkişafına dair Dövlət Strategiyasında qeyd olunur və məktəblərin idarə edilməsində maliyyənin böyük rolu var. Bir sıra başqa fikirlər də səsləndirib, lakin özünümaliyyələşdirmənin izahını verməyib. Ümumiyyətlə, son vaxtlar vəzifə sahibləri, məmurların bəziləri özlərini əsl diplomat kimi aparır. Elə danışırlar, elə açıqlama verirlər ki, özlərindən başqa heç kim heç nə başa düşmür. M.Vəliyev da sözü deyib, durub bir kənarda.
Valideynlər, şagirdlər hazırda bunun üzərində baş sındırırlar, necə ki, riyaziyyat tapşırıqlarından bəzilərinin cavabını tapmaq üçün az qalırlar Nobel mükafatçılarına müraciət etsinlər.
Əslində, görəsən, bu özünümaliyyələşdirmə nədir?
Təhsil eksperti Nabatəli Qulamoğlu “Şərq”ə açıqlamasında yalnız ehtimal irəli sürə biləcəyini vurğuladı:
– Özünümaliyyələşdirmə ilə bağlı konkret, açıq fikir ifadə olunmadığından, mən yalnız öz düşüncələrimi paylaşa bilərəm. Belə layihə var ki, təhsil müəssisələrinin bir hissəsi özəlləşdirilsin. Söhbət ondan gedir ki, təhsil müəssisələrinə maliyyəni dövlət ayıracaq. Lakin bu, birbaşa məktəblərə ödənməyəcək. Dövlət hər bir uşaq üçün təhsil haqqı ayıracaq. Təhsil haqqını Təhsil Nazirliyi təyin edir, dövlət də o maliyyəni ayırır. Amma bu vəsait hər bir uşağın valideyninin hesabına köçürülür. Valideynsə uşağını hansı məktəbdə oxutmaq istəyirsə, vəsaiti o məktəbin hesabına köçürəcək. Yəni, burada dövlət vəsaitinin köçürmə yolu ilə məktəblərə ayrılması məsələsi var. Bu təcrübə hazırda Gürcüstanda tətbiq olunur. Burada məqsəd məktəbləri rəqabətə cəlb etməkdir. Hər bir məktəb istəyər ki, ora daha çox şagird qəbul olunsun, daha çox şagird təhsil alsın, nəticədə məktəbin maliyyəsi də çox olsun.
Bu, təhsildə hərəkətverici qüvvə hesab edilir. Amma sizə deyim ki, dünya təhsil reytinqində birinci yerdə Finlandiyadır. Finlandiyada təhsil sektorunun 95 faizi dövlətə bağlıdır. Yəni, təhsil müəssisələrinin 95 faizinin maliyyəsini dövlət ödəyir. Özü də Finlandiya bu saat dünya üzrə ən müasir təhsil metodlarının tətbiq edildiyi bir ölkədir. RİSA reytinqində Finlandiya həmişə birincidir. Finlandiyada dövlət ya qeyri-dövlət, təhsil müəssisələrinə heç bir fərq qoyulmur. Orada çox güclü vətəndaş cəmiyyəti institutları formalaşıb və təhsil müəssisələrinin fəaliyyətinə valideynlər ciddi nəzarət edir. Finlandiyada siz məktəblərdə nağd pulun dövr etdiyini görə bilməzsiniz. Orada bütün ödəmələr köçürmə yoluyla aparılır, dövlətə də vergi ödənilir. Bizdə ümumtəhsil məktəblərinin özünümaliyyələşdirmə sistemi necə aparılacaq, bunu konkret açıqlayan yoxdur. Mücərrəd ifadələr işlədilir, ona görə də dəqiq fikir bildirmək mümkün deyil.
Məlahət Rzayeva

 

Bənzər yazılar