Oktyabrın 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “eazi START” Startap və İnnovasiya Mərkəzi tələbələr üçün təlimlərə start verib. “İnnovativ sahibkarlıq və startap biznesinə giriş” adlı təlim İsrailli mentor İqor Peer tərəfindən keçirilib. Təlimdə ADNSU-nun tələbələri ilə yanaşı digər ali məktəblərin bu sahəyə marağı olan tələbələri də dəvət olunub.
Təlimdə öz biznesini qurmaq istəyən gənclərə Startap biznesinə giriş, ideyaların müzakirəsi, strateji planlaşdırma, biznes araşdırması, biznes əlaqələri, investisiyaların cəlb olunması və digər modullar izah edilib. Təlimdə həmçinin, xarici və uğurlu startap layihələrinin təcrübələrindən bəhs edilib. Təlimin sonunda startap ideyaları olan gənclərin layihələri dinlənilib.
Qeyd edək ki, oktyabrın 7-dək davam edəcək təlimlərin əsas məqsədi yaradıcı gənclərin öz ideyalarını layihələndirib kommersiya məqsədli biznes strukturlarına çevirməkdir. Təlimlərdə iştirak pulsuzdur.
Xatırladaq ki, ADNSU-nun “eazi START” startap məktəbi 2015-ci ilin sonlarında yaradılıb, 2016-cı ilin yanvarında isə ilk təlimlərə başlanıb. Startap məktəbinin inkişafında, təlimlərin həyata keçirilməsi, tələbələrlə işlərin aparılmasında tərəfdaş qurumlar olan “Sikorski Çellenc” (Ukrayna) və “BeNextIT” (İsrail) biznes inkubatorları yaxından iştirak edib.
“eazi START” Azərbaycanda startap hərəkatına töhfə vermək, əsasən gənclərin innovativ ideyalarının biznes strukturlara çevrilməsinə dəstək göstərmək məqsədilə fəaliyyət göstərir.
 
Mektebgushesi.az

Bənzər yazılar