Oktyabrın 2-də dövlət ümumtəhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarında məşğələlərə başlanılıb.
Mektebgushesi.az- xəbər verir ki, məktəbəhazırlıq qruplarının yaradılmasının məqsədi beşyaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlılığını artırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnmələrini təmin etmək, onları əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaqdır.
Məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında, müvafiq maddi-texniki bazası və kadr potensialı olan məktəblərdə təşkil edilib. Məktəbəhazırlıq qruplarına beş yaşı həmin il tamam olmuş uşaqlar qəbul edilib və təhsil dövlət hesabına həyata keçirilir. Həftədə dörd gün, gün ərzində üç məşğələ tədris olunacaq qruplarda bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib.
Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilir. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün ev tapşırıqları nəzərdə tutulmur. Bu qruplarda dərs ili iki yarımilə bölünür və məşğələlər mayın 31-də başa çatır.

Mektebgushesi.az

Bənzər yazılar