Günümüzün aktual olan problemlərindən biri istifadə müddəti bitmiş yararsız məhsullardır. Doğrudur, ara-sıra monitorinqlər zamanı belə məhsullar aşkar edilərək məhv edilsə də, amma təəssüflər olsun ki, bir çox sahibkarlar bu məsuliyyəti dərk etmək istəmirlər.
İstifadə müddəti bitmiş məhsulların insan orqanizminə nə qədər böyük zərərləri olduğunu hamımız yaxşı bilirik. Bilməyənlər üçün yada salaq ki, bu məhsulların tərkibindəki “yaşayan” xeyirli mikroorqanizmlərin sayı kəskin surətdə azalır və onların əvəzinə zərərli mikroorqanizmlərin sayı artır. Bu balans pozulduqda isə sözsüz ki, insanın immun sistemi zəifləyir. İmmun sistemin zəiflənməsi isə orqanizmdə müxtəlif xəstəliklərin əmələ gəlməsinə yol açır.
İstifadə müddəti keçmiş məhsulların içərisində uşaq yeməklərinin olması ümumiyyətlə çox təhlükəli və eyni zamanda, ürəkağrıdıcıdır. Çünki, əgər böyüklər qida qəbul etdikdən sonra hər hansısa bir fəsadın olmasını özləri dərhal hiss edə bildikləri halda, amma uşaqlar bunu hiss etmir. Nəticədə isə bu, çox böyük narahatlığa səbəb, hətta faciəvi sonluqlarla bitmiş olur.
Bundan başqa, şəhərdə demək olar ki, hər tində bişirilən və ətri hər kəsi heyran edən “dönər”lərin hansı keyfiyyətə malik ətdən hazırlanması da maraqlıdır. Görəsən, doğurdanmı dönərxanalarda bişirilib bizə satılan ətlərin keyfiyyəti yüksək səviyyədədir? Yoxsa bu dönərlər, eyni zamanda kolbasa və sosislər rayonlardan gətirilən at və ya ulaq ətlərindən hazırlanır?!
Bir sözlə, hər hansısa qida məhsulunu alarkən, həmin məhsulun son istifadə müddətinə və keyfiyyətinə fikir verməliyik. Sağlamlığımızın qeydinə qalmaq isə hər bir halda öz əlimizdədir.
Türkanə Hacıyeva, BSU-nun Jurnalistika fakültəsinin 1-ci kurs tələbəsi

Bənzər yazılar