Bildiyimiz kimi 5 oktyabr Beynəlxalq müəllimlər günü respublikamızın hər yerində olduğu kimi Lənkəran şəhərindədə geniş qeyd edildi. Müstəqil Azərbaycanda bu tarix 1993-cü il oktyabrın 5-də tarixi rəsmiləşdirilib.

Müəllim haqqında fikirlərimi ümummilli lider Heydər Əliyevin bu müdrik kəlamı ilə başlamaq istərdim: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq”.

Deyirlər ki, hər kəsin taleyində müəllimin xüsusi yeri var. Bu, həqiqətən belədir. Ona əlindən tutub əlifbanın ilk hərfini, «ana, vətən» kəlməsini yazmağı, saymağı öyrədən ilk müəllimini hamı hörmətlə xatırlayır. Məktəb partası arxasında keçən illərdə müəllimlər bizə Vətənə, torpağa sevgi hissi aşılamışlar. Biz Azərbaycanın keşməkeşli tarixi, ana yurdumuzun təbiətinin gözəllikləri, xalqımızın dostları və düşmənləri barədə müəllimlərimizdən çox şey öyrənmişik. Biz onların sayəsində bütün varlığımızla xalqımızın əsrlərin sınağından çıxan adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə bağlanmışıq, dünyagörüşümüz, həyata sağlam baxışımız formalaşıbdır. Dövlət başçımız Cənab İlham Əliyev öz çıxışlarında qeyd edir ki, əgər inkişaf etmiş ölkələrin tarixinə və bu gününə baxsaq, görərik ki, o ölkələrdə təhsil, texnologiya, elm inkişaf edir. Biz də bu yolla gedirik. Azərbaycan müstəqillik qazandıqdan sonra nəslin bilikli, savadlı olması ölkəmizi daha da gücləndirir. Ölkəmizin çox uğurlu inkişaf dinamikası var. Kadr hazırlığı, mütəxəssislər, peşəkarlar əlbəttə ki, bu dinamikaya əlavə güc verəcək. Ona görə, təhsilin keyfiyyəti ilə bağlı çox önəmli addımlar atılır, islahatlar aparılır.

4 oktyabr 2018–ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev təhsil işçilərinə “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında Sərəncam imzaladı. Həmin sərəncamda fəxri ad alanlar arasında Lənkəran şəhər 4 saylı humanitar təmayüllü məktəb liseyin direktoru Yeganə müəllimə Əskərovada var idi. Lənkəran ziyalıları və şəxsən öz adımdan müəlliməni təbrik edir, ona yaradıcılıq fəaliyyətində uğurlar arzulayıram. İnanırıq ki, Yeganə müəllimə rəhbərlik etdiyi təhsil ocağında müəllimlər ordusu xalqımızın gələcək xoşbəxt həyatı üçün bütün imkanlarını səfərbər edəcək, xalqımıza layiq vətəndaşların yetişdirilməsində öz xidmətlərini əsirgəməyəcəklər.

Yeganə müəllimənin timsalında əziz həmkarlarım və zəhmətkeş müəllimlər, sizi bir daha 5 oktyabr müəllimlər günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, sizlərə can sağlığı və yaradıcılıq uğurları arzu edirəm.

Cəmil Quliyev

Lənkəran Dövlət Humanitar Kollecinin

müəllimi, tarix üzrə fəlsəfə doktoru

Bənzər yazılar