AMEA-nın Azad Həmkarlar İttifaqının (AHİ) Rəyasət Heyətinin təşkilatçılığı ilə keçirilən II Spartakiadanın bağlanış mərasimi olub.

Mərasimdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AHİ-nin sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov, Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, o cümlədən akademiyanın elmi müəssisə və təşkilatlarının həmkarlar təşkilatlarının sədrləri iştirak ediblər.

Akademiyadan Mektebgushesi.az-a bildirilib ki, tədbirdə çıxış edən akademik İ.Həbibbəyli artıq Spartakiadanın AMEA-da ənənəvi hal aldığını söyləyib və Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısından söz açıb. Bildirib ki, son illərdə respublikamızın bütün rayon və şəhərlərində müxtəlif idman obyektləri inşa olunur, həmçinin ölkəmiz bir çox beynəlxalq idman oyunlarına ev sahibliyi edir.

Sonra H.Qurbanov çıxış edərək II Spartakiadanın oktyabrın 1-dən 25-dək qadın və kişilər arasında 4 növ üzrə (şahmat, dama, stolüstü tennis və futbol) keçirildiyini və turnirdə AMEA-nın 20 elmi müəssisə və təşkilatının iştirak etdiyini söyləyib. Bildirib ki, II Spartakiadada 21 medal uğrunda (7 qızıl, 7 gümüş, 7 bürünc) mübarizə aparılıb.

H.Qurbanov II Spartakiadanın yarışlarının respublika və beynəlxalq dərəcəli hakimlər tərəfindən idarə olunduğunu diqqətə çatdırıb. Alim gələcəkdə voleybol və basketbol yarışlarının da keçirilməsinin nəzərdə tutulduğunu, artıq bu istiqamətdə meydançanın hazırlandığını bildirib.

Daha sonra qaliblər mükafatlandırılıb.

Dama üzrə yarışlarda birinci yerə qadınlar arasında Fizika İnstitutunun əməkdaşı Aytən Şərifli, ikinci yerə Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) əməkdaşı Samirə Süleymanova, üçüncü yerə isə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşı İncə Məhərrəmova layiq görülüb. Kişilər arasında keçirilmiş dama yarışlarında Ramis Həsənov (NKPİ) birinci, Famin Salmanov (Radiasiya Problemləri İnstitutu) ikinci, Rasim Heydərov (Dilçilik İnstitutu) üçüncü olub.

Şahmat yarışlarında qadınlar arasında birinci yeri Ziyarət Paşayeva (NKPİ), ikinci yeri Sevinc Əliyeva (Dilçilik İnstitutu), üçüncü yeri isə Nərgiz İsmayılova (İnformasiya Texnologiyaları İnstitutu) tutub. Kişilər arasında Yusif Abdullayev (Fizika İnstitutu) birinci, Kamran Əliyev (Geologiya və Geofizika İnstitutu) ikinci, Sadiq Həmidov (Fizika İnstitutu) isə üçüncü yerə sahib çıxıb.

Qadınlar arasında stolüstü tennis yarışlarında Fizika İnstitutunun əməkdaşları – Aytən Şərifli birinci, Sevda Qəribova ikinci, Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşı Lalə Piriyeva üçüncü yerə layiq görülüb. Kişilər arasında keçirilmiş stolüstü tennis yarışlarında Veysəl Məmmədov (Geologiya və Geofizika İnstitutu) birinci, Tural Nağıyev (Fizika İnstitutu) ikinci, Şakir Quliyev (Folklor İnstitutu) isə üçüncü olub.

Futbol üzrə yarışlarda Respublika Seysmoloji Xidmət Mərkəzi birinci, Geologiya və Geofizika İnstitutu ikinci, AMEA Rəyasət Heyəti isə üçüncü yerin sahibi olub.

II Spartakiadada ümumilikdə Fizika İnstitutu 6 medal (3 qızıl, 2 gümüş, 1 bürünc) Geologiya və Geofizika və Neft-Kimya Prosesləri institutları isə 3 medal qazandıqlarına görə AHİ-nin fəxri diplomu ilə təltif ediliblər.

II Spartakiadanın KİV-də təbliğinə görə Fizika İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Əhmədli, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları – Zərifə Feyzullayeva və Nərmin Şərifova fəxri fərman və pul mükafatı ilə təltif olunublar.

AHİ-nin Rəyasət Heyətinin üzvü, Fizika İnstitutunun Həmkarlar Komitəsinin və II Spartakiadanın Təşkilat Komitəsinin sədri Sitarə Bağırova, Təşkilat Komitəsinin üzvü, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov, Fizika İnstitutunun GAMŞ sədri Qafil Dəmirov, Təşkilat Komitəsinin işçi qrupunun üzvləri – Suma Hüseynova və Xuraman Vəliyeva fəxri fərman və pul mükafatına layiq görülüblər.

Bənzər yazılar