Gürcüstan orta məktəblərində buraxılış imtahanları ləğv olunur. Sənəddə 2020-ci ildən etibarən ölkənin ictimai məktəblərində buraxılış imtahanlarının ləğvi nəzərdə tutulub. Təhsil sistemində nəzərdə tutulan yeniliklər isə 2020-ci ildən həyata keçiriləcək. 2019-cu ilin 11-ci sinif şagirdləri isə buraxılış imtahanları verməyəcəklər. Buraxılış imtahanları bu il 12-ci sinif şagirdləri üçün qüvvədə qalacaq.

Bəs belə bir qərarın bizim təhsil sistemində də tətbiqi edilməsi arzuolunandırmı?

Mövzu ilə bağlı Azadinform-un suallarını cavablandıran təhsil üzrə ekspert Nadir İsrafilov bildirib ki, hər hansı bir ölkənin təcrübəsini olduğu kimi köçürüb bizim təhsil sisteminə tətbiq edilməyinin əleyhinədir: “Təcrübəmizdə bu kimi halların heç də az şahidi olmamışıq və bunun bəzi acı nəticələrinə də bələdik. Hər ölkənin öz inkişaf mərhələsi var və bu mərhələnin də keçid konsepsiyası var. Elə ölkə var ki, orta məktəblərin buraxılış və ali məktəblərə qəbul imtahanlarını birləşdirməklə vahid imtahan keçirmək yolunu seçib, digər bir ölkədə ali məktəblərə qəbul olmaq üçün orta məktəb attestatı kifayət edir. Bir başqa ölkədə isə orta məktəblərin məzunları bir imtahan verərək, həm ali məktəbə daxil olur, həm də orta məktəb ballarını öyrənirlər. Yəni iki imtahanın birləşməsi ilə onların biliyi qiymətləndirilir və istədikləri yerə sənəd verirlər və s. Hesab edirəm ki, hələ söhbət imtahanların ləğv olunmasından deyil, bir qədər də sadələşdirilməsindən gedə bilər. Qaydaların tez-tez dəyişdirilməsi hər şeydən əvvəl abituriyentlər və onların valideynlərinin, həmçinin elmi-pedaqoji ictimaiyyətin narahatçılığına və ciddi narazılıqlarına səbəb olur. Digər tərəfdən bu kimi qəfil dəyişikliklər təhsilin dayanıqlığı və bir sistem kimi oturuşmasında ciddi maneəyə çevrilir. Yəni hər hansı bir dəyişikliyin elmi-nəzəri əsasları olmaqla yanaşı, həm də bu kimi məsələlərə Təhsil Nazirliyi və DİM-in birgə əməkdaşlığı çərçivəsində hər iki strukturun mütəxəssislərindən ibarət işçi qrupunda baxılmalı, mərhələli şəkildə, təcrübədə aprobasiyadan keçdikdən sonra tətbiq olunmalıdır”.

Ekspert əlavə edib ki, ölkəmizdə Dövlət qulluğuna qəbul prosesi qaydalarının sadələşdirilməsi ilə bağlı təkliflər Nazirlər Kabineti və Ədliyyə Nazirliyinə təqdim olunub, dissertasiyaların müdafiəsi prosesinin mərhələli şəkildə sadələşdiriləcəyi barədə təkliflər səsləndirilir: “Elə isə nəinki, buraxılış hətta qəbul imtahanlarının sadələşdirilməsi barədə niyə düşünməyək?  Bir sıra ali məktəblərdə müəyyən ixtisaslar üzrə boş yerlərin qalması, magistratura və Dövlət qulluğundakı vakantlar belə qənaətə gəlməyə əsas verir. Eyni zamanda, təhsili hamı üçün əlçatan etmək kursunu götürmüşüksə, buraxılış və qəbuldakı süni baryerləri də aradan qaldırmalıyıq.  Ancaq “ləğv etmədən” hələ ki,  söhbət gedə bilməz”.

Bənzər yazılar