Şagirdlərin orta təhsil müəssisəsində qidalanması son zamanların müzakirə mövzusudur. Müxtəlif qida məhsullarının satışının orta məktəblərdə qadağan olunması ilə bağlı iddialar tez-tez səslənir.
Bəs qanunvericilik, hansı qida məhsullarının məktəb bufet və yeməkxanalarında satışını qadağan edir?


Mektebgushesi.az xəbər verir ki, bu barədə rəsmi məlumatlar Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli qərarında əks olunub.


Qərarda bildirilir ki, ümumi təhsil müəssisələrində iaşə xidmətini müəssisə rəhbərliyi və bu xidməti göstərmək hüququ olan şəxslər həyata keçirə bilər. Bütün şagirdlər üçün birdəfəlik isti yemək təşkil edilməlidir. Günü uzadılmış qrupda olan şagirdlər isə təhsil aldığı məktəbdə iki dəfə isti xörəklə (səhər yeməyi və nahar), müəssisədə axşama qədər qaldıqları zaman isə günorta yeməyi ilə də təmin edilə bilərlər. Şagirdlərin qida rasionu dövlət sanitar-epidemioloji nəzarət orqanları ilə razılaşdırılmalıdır.Şagird və işçilər arasında qida zəhərlənmələri və kəskin bağırsaq infeksiyaları baş verdikdə, dövlət sanitar-epidemioloji nəzarət orqanlarına təcili məlumat verilməlidir.Qərara əsasən, ümumi təhsil müəssisələrində şagirdlərin qidalanması zamanı aşağıdakı məhsullardan istifadə qadağandır:
– Çəlləkdə saxlanılan, pasterizə edilməmiş və qaynadılmamış süd;- Termiki emala məruz qalmayan, təbii halda olan kəsmik və xama;- Təbii halda olan və kəsmiyin hazırlanması üçün istifadə olunan süd və qatıq;- Termiki emala məruz qalmayan yaşıl noxud;- Ət qiyməsi ilə hazırlanan makaron, ətli blin, studen, doğramac, paştet, siyənək balığından farşmak, üzərinə şirə tökülmüş yeməklər (ət və balıqdan);- Termiki emala məruz qalmayan içkilər və morslar, kvas;- Göbələklər;- Yumurtalı makaronlar, qayğanaq;- Kremli pirojna və tortlar;- Çoxlu yağ doldurulmuş dərin qablarda qızardılan piroq və ponçiklər;- Xəmiri acıdan naməlum tərkibli tozlar.


Pediatr Vaqif Qarayev isə «Şərq»ə açıqlamasında şagirdlərə məktəb bufetindən ümumiyyətlə, heç bir şey almamağı tövsiyə etdi:

– Şəxsi fikrimdir. Məndən olsa, məktəb bufetindən ümumiyyətlə, heç nə alıb yeməsinlər. Evdən yemək aparsınlar.
Pediatr «evdən yemək aparsınlar» dedikdə, valideynlərin uşaqlara nahar hazırlamasını nəzərdə tutduğunu söylədi:
– Demirəm, evdən quru qidalardan, marketlərdə, dönərxanalarda, şirniyyat sexlərində hazırlanan məmulatlardan aparsınlar. Qoy analar zəhmət çəkib özləri, öz əlləri ilə övladlarına fasilədə yemələri üçün bir şeylər hazırlasınlar. Ev şəraitində buterbrod düzəltmək məgər belə çətindir?! Yarımfabrikatlardan, quru qidalardan uşaqları uzaq tutmaq lazımdır. Qəbizlik, mədə-bağırsaq pozğunluqları bu cür qidalardan yaranır.
Məlahət Rzayeva

Bənzər yazılar