Fevralın 12-dən 14-dək “Sabahın alimləri” VIII Respublika müsabiqəsi keçiriləcək.

Təhsil Nazirliyindən  mektebgushesi.az-a bildiriblər ki, müsabiqədə iştirak etmək üçün 225 layihə təqdim olunub. Elmi Ekspertiza Komissiyasının rəyi əsasında müsabiqəyə 187 layihə (63-ü fərdi, 124-ü isə kollektiv) üzrə 311 şagird buraxılıb. İştirakçıların 83 nəfəri IX, 120 nəfəri X, 108 nəfəri XI sinif şagirdidir.

“Sabahın alimləri” VIII Respublika müsabiqəsində Bakı şəhəri üzrə 116, Sumqayıt şəhərindən 34, Balakən rayonu üzrə 8, Ucar rayonundan 6, Abşeron rayon və Şirvan şəhərinin hər birindən 4, Şəki, Qax, Cəlilabad rayonlarının hər biri üzrə 3, Lənkəran rayonundan 2, Gəncə şəhəri, Ağdaş, Xaçmaz və İsmayıllı rayonlarının hər biri üzrə 1 layihə təqdim olunub.

Müsabiqənin keçirilməsinin məqsədi ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdlərinin elmi axtarışlara cəlb edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi-tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkarlanması, həmçinin yüksək elmi-tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən İntel İSEF–Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilməsini təmin etməkdir.

Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə 2012-ci ildən etibarən keçirilən müsabiqəyə ölkə miqyasında maraq ildən-ilə artmaqdadır. “Sabahın alimləri” müsabiqəsi riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir.

Müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə reallaşdırılır.

Bənzər yazılar