Hesab edirəm ki, “Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların təsnifatı” ilə bağlı qaydalar Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyevin açıqlamasında kifayət qədər aydın və konkret şəkildə şərh olunub: “Bakalavriatda olan təsnifat əsasında magistraturada da mövcud ixtisaslara baxılacaq və buna uyğun dəyişiklik ediləcək. Dəyişiklikdən öncə elə ixtisaslar var idi ki, ora 10 il ərzində qəbul aparılmırdı. İxtisasların ləğv olunması məzunlara təsir etməyəcək, yalnız bu ixtisasların yeni məzmunu hazırlanacaq. Yeni yaradılan ixtisasların 70 faizi Avropada qəbul olunmuş ixtisaslardır. Bu tələbələrin Avropada təhsilini davam etdirmək üçün əhəmiyyətlidir” .

Göründüyü kimi, burda söhbət əsasən optimallaşdırma rasionallaşdırma, sadələşmə və yeniləşmədən – bir sıra ixtisasların adlarının müasirləşdirilməsi, müəyyən ixtisasların birləşdirilməsi və ya çıxarılması, bəzi ixtisaslar üzrə təhsil proqramlarının məzmunun təkmilləşdirilməsi, müasir tələbata uyğun olmayan ixtisaslar təsnifatdan çıxarılması, əmək bazarının tələbatına uyğun bir sıra yeni ixtisasların əlavə edilməsi və digər bu kimi təkmilləşdirilmədən gedir. Başqa sözlə ümumilikdə götürüldükdə, təsnifatın yenilənməsində əsas məqsəd beynəlxalq təcrübəyə və müasir əmək bazarının tələblərinə uyğun yeni məzmunlu təhsil proqramlarının hazırlanması və ali təhsil müəssisələrində tətbiqindən ibarətdir.

Təsəvvür edin ki, ali təhsiln bakalavr pilləsində təksə I qrup üzrə nə qədər ixtisaslar olub: “Geologiya mühəndisliyi”, “Dağ Mədən mühəndisliyi”, “Neft Qaz qurğuları mühəndisliyi”, “Elektroenergetika mühəndisliyi”, İstilik energetikası mühəndisliyi”, “Enerji maşınqayırması mühəndisliyi”, “Avianəqliyyat istehsalının təşkili mühəndisliyi”,”Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi”, “Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi”, “Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi”, “Cihazqayırma mühəndisliyi”, “Texnoloji maşın və avadanlıqlar mühəndisliyi”, “Elektrik mühəndisliyi”, “Elektronika,telekomnikasiya və radiotexnika mühəndisliyi”, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, “Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi”, “Metrologiya, standartlaşdırma və sertifkasiya mühəndisliyi” və s. və i.a. Ümumilikdə, bu qayda ilə mövcud 175 ixtisasın sayı 148-ə qədər azaldılmışdır.

Belə bir addımın atılması “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulmuş təhsil sisteminin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsi, təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin yaradılması kimi hədəfləri əhatə etməyə hesablanıb. İdarəetmənin rasionallaşdırıması, optimallaşdırılması, təhsilin nəticələrinə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə sisteminin formalaşdırılması, maliyyə və inzibati resurslarının vahid təhsil siyasətinə uyğunlaşdırılması istiqamətində müəyyən işlər görülüb və bu proses davam etməkdədir.

Məlum olduğu kimi bundan qabaq da bu istiqamətdə müəyyən işlər görülüb. Buna misal olaraq Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi haqqında əlavə tədbirlər” lə bağlı son fərmanını da göstərmək olar. Bir müddət əvvəl isə Bakı Mühəndislik Universitetinin yaradılması haqqında sərəncama əsasən, ali təhsilin bütün səviyyələri üzrə mühəndis kadrlarının hazırlığını, bu sahədə ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan, Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bakı Mühəndislik Universitetinin yaradılacağı nəzərdə tutulub. Azərbaycanda mühəndis kadları hazırlayan bir neçə ali məktəbin olduğunu nəzərə alsaq yeni yaradılacaq universitetin fəaliyyət sferası maraq doğurur.

Digər tərəfdən ölkəmizdə Dövlət qulluğuna qəbul prosesi qaydalarının sadələşdirilməsi ilə bağlı təkliflər Nazirlər Kabineti və Ədliyyə Nazirliyinə təqdim olunub, dissertasiyaların müdafiəsi prosesinin mərhələli şəkildə sadələşdiriləcəyi barədə təkliflər səsləndirilir. Eyni profilli universitetlərin birləşdirilməsi, kolleclərin isə müvafiq universitetlərin tərkibinə verilməsi istiqamətində rasionallaşdırma və optimallaşdırma prosesi davam etdirilir. Hesab edirəm ki, bu qəbildən olan digər çoxprofilli universitetlərdə ixtisasların sayı məhdudlaşdırmalı, məqsəd və vəzifələri konkretləşdirilməlidir. Bu onların nüfuzuna və daha konkret sahə üzrə profilləşib, tanınmasına da öz müsbət təsirini göstərə bilər, nəticə etibarı ilə kadr hazırlığı daha yaxşı effekt verə bilər.

Bənzər yazılar