Azərbaycan Prezidenti İlham Əliyev doktorantlar, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələri üçün müəyyən edilən təqaüdlərin artırılması haqqında sərəncam imzalayıb.

Maraqlıdır, universitetlərdə təhsil alanların neçə nəfəri bu sərəncamdan bəhrələnə biləcək.

Mektebgushesi.az xəbər verir ki, Hafta.az bir neçə universitetin mətbuat xidməti ilə əlaqə saxlayıb. Yeni semestrdə nə qədər tələbənin təqaüd alacağını öyrənib. 

Bakı Slavyan Universitetinin (BSU) mətbuat xidmətinin rəhbəri İbrahim Quliyevin sözlərinə görə, tələbələrin təqaüd alması ödənişli və ya ödənişli oxumasından asılı deyil: “Sessiya imtahanında topladığı bala görə müəyyən olunur. Bu il BSU – da 520 nəfər tələbə təqaüd alırdı. Sərəncamdan sonra da elə 520 nəfər təqaüd alacaq. Sadəcə təqaüdün miqdarında artım olacaq. Cənab Prezidentin fərmanına uyğun olaraq tələbələrin təqaüdündə artım o qaydada hesablanacaq”.

Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətinin rəhbəri Günel Aslanova isə Universitetdə hal hazırda yanvar ayı üçün 2163 nəfər tələbənin təqaüd aldığını dedi: “Bunlardan 1543 tələbə dövlət sifarişi ilə oxuyan, 60 nəfəri isə ödənişli əsaslarla təhsil alan tələbələrdir. Ölkə Prezidentinin sərəncamına əsasən isə ATU-da artıq işlər başlayıb. Mart ayının 1-dən təqaüdlərdə artım olacaq”.

Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat xidmətinin rəhbəri Ağa Cəfərli 2243 nəfərin təqaüd aldığını bildirdi: “Sərəncamdan əvvəl və sonra üçün də bu say dəyişmir. Sərəncam tələbə sayını artirmayib, təqaüdlərə artım olub sadəcə. Ödənişli oxuyanlar sırasında ailə himayəsindən məhrum olanlar var ki, bu tələbələrin də ödənişi dövlət tərəfindən həyata keçirilir”.

Azərbaycan Dövlət Pedeqoji Universitetinin (ADPU) mətbuat xidmətinin rəhbəri və marketinq şöbəsinin müdiri Mənsur İbrahimov isə ADPU-nun Bakı şəhərindəki dörd tədris binasında ümümilikdə 11000 – dən çox tələbə təhsil aldığını dedi. Onun sözlərinə görə, onlardan 5010 nəfəri təqaüd alır.

Xatırladaq ki, əvvəl Prezident təqaüdü 185 manat olub. Fərmandan sonra Prezident təqaüdünün də məbləği 210 (iki yüz on) manat müəyyən edilib.

Qeyd edək ki, Fərman martın 1-dən qüvvəyə minir.

Bənzər yazılar