Təhsil naziri Ceyhun Bayramov dünyanın məşhur universitetlərində magistr səviyyəsi üzrə təhsil almış “MBA Club”un (Master of Business Administration) üzvləri ilə görüşüb.

Mektebgushesi.az Təhsil Nazirliyinə istinadən bildirir ki, görüşdə Ceyhun Bayramov son illərdə təhsil sahəsində həyata keçirilən islahat və layihələr barədə ətraflı məlumat verib, qarşıda duran hədəflərdən danışıb. Nazir bildirib ki, təhsilin inkişafı dövlət siyasətinin əsas prioritetlərindəndir. Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, digər çoxsaylı dövlət proqramları ölkəmizdə elm, təhsil və innovasiyaların inkişafı istiqamətində konkret hədəflərin müəyyən edilməsi və reallaşdırılması baxımından əhəmiyyət kəsb edir.

Nazir qeyd edib ki, müasir dünyada davamlı və hərtərəfli inkişafın təmin edilməsində elm və təhsilin rolu sürətlə artmaqdadır. Bu baxımdan xaricdə təhsil alan azərbaycanlı gənclərin üzərinə mühüm öhdəliklər düşür. Ceyhun Bayramov Strategiya çərçivəsində dünyanın aparıcı universitetlərində təhsil alan azərbaycanlı gənclərin ölkəmizin gələcək inkişafına mühüm töhfələr verəcəyinə əminliyini bildirib.

Görüşdə “MBA Club”un üzvlərinin sualları cavablandırılıb, onların təklifləri dinlənilib.

Bənzər yazılar