Azərbaycanın seysmoaktiv zonalarından Şamaxı-İsmayıllı ərazisində son 15 il ərzində maqnitudası 4,5-dən çox hiss olunan bir neçə zəlzələ baş verib. Bu zəlzələlər episentrdə 5-6 bala qədər hiss edilib ki, bunlardan ən güclüsü 2012-ci il oktyabrın 17-də İsmayıllı rayonunda baş verib. Maqnitudası 5,3 olan həmin zəlzələ episentrdə 5 bal intensivliyində hiss edilib.

Bu faktlar AMEA-nın Rəyasət Heyəti aparatının ikinci xüsusi şöbəsinin martın 6-da keçirilən seminar-məşğələsində açıqlanıb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev məruzəsində Azərbaycan ərazisində son illərdə zəlzələ, palçıq vulkanları və torpaq sürüşmələri şəklində bir sıra endogen və ekzogen xarakterli proseslərin qeydə alındığını söyləyib. O, son güclü zəlzələnin 2019-cu il fevralın 5-də yerli vaxtla saat 23:31-də baş verdiyini, zəlzələnin maqnitudasının 5,2, dərinliyinin 10 kilometr, episentrdə intensivliyinin isə 6 bal olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, zəlzələ, həmçinin ərazidə bir sıra palçıq vulkanlarının (Quşçu və Kiçik Xınıslı kəndlərinin ərazilərində yerləşən) və torpaq sürüşmələrinin (Qızmeydan yolu və Ağsu aşırımında) aktivləşməsinə təkan verib.

Alim torpaq sürüşmələrinin 2018-ci ildə Bakı şəhərində Teleqüllə və Badamdar ərazilərində də aktiv fazaya keçdiyini, bu sürüşmələrin operativ olaraq alimlər və dövlət qurumları tərəfindən nəzarətə götürüldüyünü, müvafiq tədqiqatlar aparıldığını deyib: “Hadisəyə dəqiq və vaxtında verilmiş reaksiya sayəsində insan itkisi olmayıb”.

Bənzər yazılar