Azərbaycan Tibb Universitetində (ATU) Dünya Səhiyyə Təşkilatının (DST) və Türkiyə universitetlərinin nümayəndə heyəti ilə görüş olub.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı ATU-nun rektoru professor Gəray Gəraybəyli qonaqlara universitetinin tədris proqramındakı yeniliklər və nəzərdə tutulan islahatlar barədə ətraflı məlumat verib.

Professor G.Gəraybəyli Azərbaycanda ikili diplomların verilməsi üçün işlər görüldüyünü, bu baxımdan ATU tələbələrinin də yaranacaq imkanlardan yararlana biləcəklərini diqqətə çatdırıb. Rektor Türkiyəyə tələbə göndərilməsi ilə yanaşı, qardaş ölkənin müəllimlərinin ATU-da dərs keçməsinə önəm verildiyini vurğulayıb.

Rektor, həmçinin deyib ki, Türkiyə universitetlərinin tibb fakültəsinin müəllimləri ATU-da yuxarı kurs tələbələrinə həm dərs keçə, həm də klinikalardakı əməliyyatlarda iştirak edə bilərlər. Tələbələrin ayrı-ayrılıqda tədris üçün Türkiyəyə göndərilməsi əvəzinə müəllimlərin buraya gəlməsi daha böyük nəticə verə bilər.

Rektor G.Gəraybəyli gələcəkdə Türkiyənin tibb universitetlərinin ATU nəzdində filiallarının yaradıla biləcəyini də istisna etməyib.

Tibb Universiteti ilə tanışlığından məmnun olduğunu bildirən Ege Universitetinin tibb fakültəsinin professoru İbrahim Durak son illər Türkiyədə tibb təhsili standartlarının dünya standartlarına uyğun olması ilə bağlı hesabat hazırladığını diqqətə çatdırıb. Onun sözlərinə görə, bu sənəd ATU üçün də yararlı ola bilər. Professor İbrahim Durak Azərbaycan tibb təhsili sahəsində yerli potensialının gücləndirilməsinin vacib olduğunu vurğulayıb.

DST-nin Azərbaycan ofisinin rəhbəri Hande Harmancı ATU-nun Hacettepe Universiteti ilə əlaqələrinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən layihələrdən danışıb. Onun sözlərinə görə, iki universitet arasında tədris proqramlarının uyğunluğu araşdırılıb. Hacettepe Universitetində tətbiq olunan modellərdən birinin Azərbaycanda tətbiqi, həmçinin təcrübə mübadiləsinin aparılmasına dair razılaşma əldə olunub. H.Harmancı bu istiqamətdə ATU-ya dəstək verilməsinin vacib olduğunu və işlərin davam etdiriləcəyini bildirib.

Qonaqlar ATU tələbələri ilə də görüşüblər. Onların universitetin klinikaları ilə tanışlığı da nəzərdə tutulub.

mektebgushesi.az

Bənzər yazılar