İnsan belədir; gələcəkdən çox keçmişi sevir. Hər il 8 mart yaxınlaşanda, orta məktəbi uzaq keçmişdə bitirənlər öyünərək «bizim vaxtımızda belə şeylər yox idi («belə şey» deyəndə, təbii ki, məktəblərdə pul yığımı nəzərdə tutulur -red.), müəllimə sevinə-sevinə gül bağışlayardıq, bəlkə kimsə hədiyyə də verərdi, amma filan qədər gətirin, filan qədərdən yığırıq kimi söhbətlər olmazdı.

Müəllimlərə gül hədiyyə edilməyəndə kədərlənərdilər. Şagirddən gül hədiyyəsi almaq ozamankı müəllimlərin ən böyük mükafatı idi. Yoxsa, indi? Uşaq müəllimə gül hədiyyə etməyə çəkinir, «müəllimlər üçün pul yığırıq eee, gül yox» deyirlər. Uşaqlar da sanki vaxtından tez, bir neçə il böyüyüb. Pul söhbəti aparırlar valideynlərlə. İllərdir, bu məsələ hər dəfə qaldırılır, orta məktəblərdə pul yığılması problemindən danışılır, amma vəziyyət yenə təkrarlanır. Hamımızın qohumu-əqrəbası, qonum-qonşusu var və eşidirik ki, filan məktəbdə 8 Mart üçün pul yığılır. 50 manatdan yığan da var, 20 manatdan da. Həm də sinif rəhbəri üçün adı altında yığılır pullar. Yığanlar, atlanıb ortaya düşənlər də çox zaman valideynlər olur. Daha müəllimdən nə küsəsən?


Dindirəndə, əksəriyyətinin cavabı bu olur ki, pul yığılmasa, müəllim uşaqları gözüm-çıxdıya salacaq. Sinifdə pərt edəcək, hətta təhqir də edəcək. Doğrusu, heç inandırıcı əsas kimi gəlmir. Bir-iki şagird pul verməkdən imtina etsə, bəlkə də müəllimdən bu davranışı görər. Amma əgər sinfin tamamı pul yığılmasına etiraz etsə, müəllim də geri çəkilər. Bütün sinfi pərt edəsi deyil ki. Nə isə ki, bayramlarda pul yığmaq adəti heç cür bizim orta məktəblərdə yasaqlana bilmir.
Məsələ burasındadır ki, bayram öncəsi bəzi məktəb direktorları iclas keçirib pul yığılmasını qadağan edir, «bilsəm, görsəm, özünüzdən küsün, kimsənin göz yaşına baxmayacam» tipli bəyanatlar verirlər. Amma sonunda yenə də pul “qalib gəlir”. Pullar yığılır, müəllimlər arasında bölünür, məktəb direktorunun da payı çatır.


Bu vəziyyət nə qədər davam edəcək? Bu rüşvətin, qanunsuz pul yığımının qarşısını almaq mümkün deyilmi?
Təhsil eksperti Kamran Əsədov şagirdlərdən pul yığılmasında birbaşa məktəb direktorlarının cavabdeh olduğunu deyir:


– 2014-cü ildən bir sıra orta məktəblərdə rəhbərlik dəyişdi, yeni direktor təyinatları oldu. Amma köhnələr də qalmaqdadı. Bəzi məktəb direktorları özlərini təmiz qələmə vermək, guya, pul yığılmasından narazı qaldıqlarını, belə bir işə qətiyyən razı olmadıqları görüntüsü yaratmaq üçün iclas keçirir, pul yığılmasını qətiyyətlə pisləyir. Özləri kənara çəkilir, valideyn-müəllim assosiasiyasını önə verirlər. Məktəbə hər valideynin girişinə icazə verilmir. Yalnız xüsusi seçilmiş valideynlər məktəbə daxil olur, pulların yığılmasına nəzarət edirlər. Pul yığıldıqda da onu ünvana təslim edirlər. Bu qədər bəsit. Hansı məktəb direktoru deyirsə ki, pul yığılmasından xəbəri yoxdur, ya yalan danışır, ya da idarəetməyə nəzarəti itirib. Məktəbi idarə edə bilmir. O zaman buyursun, kreslonu təhvil versin. Axı necə ola bilər ki, məktəbdə şagirdlərdən pul yığılsın, direktorun bundan xəbəri olmasın?! Hamısının bundan çox gözəl xəbərləri var, sadəcə, aktyor kimi rol oynayırlar. Toplanan pullar siyahı ilə birlikdə məktəb direktorlarının önünə qoyulur.


K.Əsədov bildirdi ki, Təhsil Nazirliyi bayram və əlamətdar günlərdə şagirdlərdən pul toplanmasını qəti qadağan edib. Nazirliyin göstərişi budur ki, pul yığıla bilməz. Lakin şagird müəlliminə təşəkkür etmək məqsədilə gül dəstəsi, yaxud bir açıqca, hədiyyə vermək istəyirsə, sərbəstdir:


– Nazirliyin qəti təlimatı olduğu halda, orta məktəblərdə hələ də şagirdlərdən bayramlarda pul yığılır. Siz deyirsiniz, hər şagirddən 50 manat yığılır. Məktəbdə 1000 nəfər şagird varsa, görün bu nə qədər məbləğ edir. Bu pula bir məktəb binası tikmək olar. 
Bu biabırçılığın qarşısını almaq üçün məktəblər onlayn sistemə keçməli, məktəblər kameralaşdırılmalı, hər yerdə, bütün siniflərdə müşahidə kameraları quraşdırılmalıdır. Divarlara iclas protokolları, elanlar vurulmalı, şagirdlərə tapşırılmalıdır ki, hansı müəllim, valideyn pul toplanmalı olduğunu desə, dərhal hüquq-mühafizə orqanlarına müraciət etsinlər. Valideynlər də aktiv olmalı, heç nədən çəkinmədən hüquq-mühafizə orqanlarına, Korrpusiyaya Qarşı Mübarizə İdarəsinə müraciət etməlidirlər. Bu yolla şəffaflığı təmin etmək olar.
Məlahət Rzayeva

Bənzər yazılar