Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, AzMİU Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə böyük Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr olunmuş “Füzuli poeziyası” adlı layihə həyata keçirilib.

Layihənin rəhbəri Tural Əzizov tədbirdə çıxış edərək layihə haqqında iştirakçılara ətraflı məlumat verib və onlara uğurlar arzulayıb. Tədbirdə çıxış edən digər çıxışçılar – AzMİU THİK-in sədri Bayram Aslanov, sədr müavini Şahmar Rəfili, İnşaat fakültəsinin dekan müavini Tural Əliyev bu cür tədbirlərin tələbələrin dünyagörüşünün inkişafı, milli-mənəvi dəyərlərə diqqətin artırılması baxımından önəmli olduğunu vurğulayıb.

Tədbir layihədə iştirak edən 15 tələbənin bir-birindən maraqlı ifaları ilə davam edib. Gənclər Məhəmməd Füzulinin həyat və yaradıcılığından bəhs edən məruzələr oxuyublar, şairin şeirlərini söyləyiblər, qəzəllərinə yazılmış muğam parçaları ifa ediblər. Tədbirin sonunda qaliblərə diplom və hədiyyələr təqdim olunub.

Məlumat üçün qeyd edək ki, layihə 400 nəfəri əhatə edərək 3 gün müddətinə icra olunub.

Bənzər yazılar