“Ümumi təhsil haqqında” qanun layihəsi Milli Məclisə 3-cü oxunuş üçün təqdim edilə bilər.” İ. Həbibbəylinin sözlərinə görə, “Ümumi təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı repetitorluğun qarşısının alınması məsələsi qaldırılıb: “Təklif olunan müddəalardan biri budur ki, repetitorluğun qarşısının alınması üçün müəllimlərin əməkhaqlarının artırılması vacibdir”.
Müəllimlərin əməkhaqlarının artırılmasının vacibliyi nə qədər danılmaz olsa da, bunun repetitorluğun qarşısının alınmasında həlledici rol oynaya biləcəyi də kimlərəsə bir o qədər düşündürücü görünə bilər. Bununla belə istənilən halda, bu kimi ciddi məsələnin Milli Məclis səviyyəsində yenidən gündəmə gətirilməsi, repetitorluqla bağlı qeyri-müəyyənliklərə nəhayət ki, əsaslı olmas belə, bir aydınlıq gətirilməsi istiqmətində müəyyən impuls rolunu oynaya bilər, baxmayaraq ki, problemin bir çox görünən və görünməyən tərəfləri var…
Məsələnin görünən tərəfi və ortalıqda olan fakt isə odur ki, təhsil sahəsində müntəzəm aparılan dəyişikliklərə, təkmilləşmə bə yeniləşmə tədbirlərinə baxmayaraq, repetitorluq da paralel olaraq inkişaf edir , gündən-günə hətta uşaq bağçaları da daxil olmaqla özünə yeni-yeni tərəfdarlar toplayaraq, daha geniş auditoriya qazanmaqda iddialıdır. Məktəbə, müəllimə, dərsliyə qarşı biganəlik, qeyri-rəsmi fəaliyyət sahəsi olan bu instituta rəğbət hissi formalaşmaqda, rəsmi təhsili qeyri-rəsmi təhsildən asılı vəziyyətə salmaqa davam etməkdədir. Mübaliğəli şəkildə desək, bugünki günümüzdə repetitorluq əslində bir növ, parnik yolu ilə tərəvəz yetişdirmək üsuluna çevrilib, baxmayaraq ki, repetitorluq hələ ki, rəsmilər tərəfindən rəsmi fəaliyyət növü elan olunmayıb. Bu gün təhsil qanunverciliyində repetitorluğu nə qadağan, nə də fəaliyyətini dəstəkləyən müddəa var.
Problemin çözülməsinin çətinliyi ondadır ki, repetitorluq heç də dünənin, bu günün məsələsi olmayıb, ümumiyyətlə, daim cəmiyyəti maraqlandıran, düşündürən və eyni zamanda, birmənalı qarşılanmayan bir məsələdir. Bir qism şəxslər hesab edir ki, əgər təhsilimiz repetitorların ümidinə qalıbsa, əgər bu “repetitorluq xəstəliyi” sürətlə ibtidai sinifləri belə öz ağuşuna alıbsa, artıq bir çox müəllimlər təkcə dövlət büdcəsindən maaş alan qulluqçu kimi yox, həm də məktəb direktorlarının yaratdığı qeyri-qanuni “repetitor biznes strukturu”nun əməkdaşları kimi fəaliyyət göstərirlərsə, bunun acı nəticələrinə isə toplum olaraq həm maddi, həm də mənəvi cəhətdən qatlanmaq zorundayıqsa, bu, təhsilimizin böyük problemidir.
“Dünyanın əksər ölkələrində valideynlər öz övladlarını universitetlərə hazırlamaq üçün və uşaqların daha yaxşı təhsil alması üçün repetitorlara müraciət edirlər. Bizdə də bu var. Fikrimcə, repetitorluğun aradan qaldırılması heç bir fayda verməz. İnzibati yollarla repetitorluğun aradan qaldırılması mümkün deyil. Repetitorluğun aradan qaldırılması üçün ilk növbədə bəzi zəruri məsələlər həll edilməlidir: Təhsilin keyfiyyəti artırılmalıdır, sosial məsələlər həll edilməlidir, müəllim-valideyn əlaqələri genişləndirilməlidir. Bu problemlər aradan qaldırılmadan repetitorluğu inzibati yollarla aradan qaldırmaq qeyri-mümkündür” düşüncəsində olanlar da var.
Digərləri isə düşünür ki, “Təhsildə repetitor institunu ancaq keyfiyyətli təmayüllü qruplar sıradan çıxara bilər”, “Əgər təmayüllü qruplar repetitorluqdan daha keyfiyyətli təhsil verəcəksə, repetitorluq institutu ilə mübarizədən qalib çıxacaq və özünü qoruyub saxlayacaq”,“ “Repetitorluğun qarşısını almaq cəmiyyəti buxovlamaq deməkdir. Əslində, bu cəmiyyətin inkişafını tənzimləyən bir meyardır”, Şagird lazımi bilikləri təhsil müəssisəsində almalı və dərsdən sonra yenidən savad almaq üçün müəllim yanına getməməlidir. Repetitorluğa ehtiyac təhsilimizin “baş bəlası”na çevrilib və bunun qarşısı alınmalıdır.”,“ Normal dərs keçilən məktəbdə şagird repetitorsuz da keçinə bilir ” və s. və i.a.
Rəsmi münasibətdən söz düşmüşkən. Nə az, nə çox, 15 il təhsilimizə rəhbərlik edən bir şəxs isə belə qənaətdə idi ki, bu gün Azərbaycanda əl üstə gəzməyə layiq olan çox saylı müəllimlər var. Ancaq biz onlara nə veririk …200 manat pul veririk. 200 manata kim gəlib kimin uşağın hazırlayar qardaş? Biz gedib hazırlayarıq? Əlbəttə, hazırlamarıq. Sən o müəllimə gəl 2000 manat pul ver, gör sənin uşağın repititor yanına gedir ya getmir. Vermirik axı əzizim. Üzr istəyirəm bu sözümə görə, normal ağlı başında olan adam, gedib 200 manata əsəblərini korlayar…?
Təhsilin ali və icraedici qurumuna rəhbərlik edən digər nazirimiz isə öz əvvəlki sələfindən fərqli olaraq, təmkin və son dərəcə ehtiyatla Azərbaycanın təhsil sahəsində mövcud olan repetitorluqun səbəblərini və köklərini düzgün şəkildə başa düşmək və araşdırmağı, orta təhsilə və məktəbə ali təhsil üçün hazırlıq funksiyasını yerinə yetirən qurum kimi baxmamağı, belə bir baxışı köklü şəkildə səhv hesab edərək orta təhsilin məqsədinin insanları tam şəkildə müstəqil həyata hazırlamaq, müstəqil Azərbaycan vətəndaşını formalaşdırmaq və ona lazım olan biliyi verməyi vacib məqam hesab edirdi.
Bir müddət əvvəl isə yaxın gələcəkdə Bakıda repetitorluq edən müəllimlərlə müqavilə imzalanacağı barədə xəbərlər gündəmi zəbt etmişdi. Verilən açıqlamalara və yayılan məlumatlara əsasən məktəblərdə hüquqi və fiziki şəxslərlə birgə fəaliyyət müqavilələrinin bağlanmasına dair qərar verilib. Qərara əsasən, təhsil idarəsi hər hansı fiziki və hüququ şəxslə və üçüncü tərəf olaraq məktəblə birgə fəaliyyət haqqında müqavilə imzalaya bilər. Valdeynlərin əlavə ödənişləri hesabına şagirdlərə məktəblərdə əlavə xidmətlər göstərilir. Bu müqavilə çərçivəsində təhsil sisteminə uyğun olan fəaliyyətlərin həyata keçirilməsinə icazə verilir. Hər halda repetitorluğa rəsmi don geyindirilməsinin yeganə bir “faydası” o ola bilər ki, uzun illərdən bəri davam edən söz-söhbətlərə nəhayət nöqtə qoyular və repetitor xidməti ilə məşğul olanlar rahat nəfəs alar.
Ümumiyyətlə götürdükdə, Azərbaycanda repititorluq ənənəsi əsasən 1992-ci ildə test üsulunun tətbiqindən sonra daha geniş vüsət almağa başlayıb. Əgər belə demək mümkünsə orta məktəblərdə təhsilin keyfiyyətinə inamsızlıq göstərən bir sıra valideynlər övladlarının ali məktəbə qəbul olması üçün əlavə imkanlardan, yəni repetitor xidmətindən yararlanmaq zərurəti qarşısında qalıblar. O dövrün təhsil məmurlarımız da repetitorluğa dağıdıcı “anti-məktəb prosesi” kimi yox, “məktəbi və onun nüfuzunu xilasetmə vasitəsi” kimi baxıblar və təhsil qanunvericiliyi bir yana, adi məntiqə belə əhəmiyyət verməyiblər ki, məktəb kompleks təlim-tərbiyə müəssisəsidir və təhsil alanlara sistemləşdirilmiş bilik, bacarıq və vərdişlər vermək məhz məktəbin borcudur.
Təhsilimizdə ciddi fəsadlarla müşayət olunan, kimlərəsə doğmalaşan, kimlərəsə yad görünən bu əcnəbi ifadə – repetitor latıncadan tərcümədə sadəcə olaraq “təkrarlayıcı”, “təkrar edən”( rus dilində bu daha aydın və səlis səslənir- ” tot, kto povtoryayet”) anlamına gəlir. Əgər bir vaxtlar tədris planı və proqramları ilə nəzərdə tutulmuş hər bölmənın sonunda təkrara dair 1-2 dərs saatı, hər kursun sonunda isə imtahanqabağı yekun təkrara ayrılan 15-20 saatlıq dərs məşğələləri tədbiq olunsaydı, bu funksiya elə məktəbdə, elə dərs prosesindəcə, elə həmın məktəbin müəllimi tərəfindən də yerinə yetirilə bilərdi.
Ölkə konstitusiyasına və qanunlarına görə də Azərbaycanda təhsil bir fəaliyyət sahəsi olaraq tamamilə dövlət nəzarəti altındadır və hətta dini təhsil də daxil olmaqla dövlətin nəzarətindən kənarda heç bir təhsil ola bilməz. Xarici ölkə səfirliklərinə aid olan məktəblərin fəaliyyətləri də dövlətlərarası müqavilələr əsasında tənzimlənir. Təəssüf ki, məhz rəsmi təhsilin səmərəsizliyi ucbatından şagirdlərimiz istər-istəməz öz uşaqlıq dövrünü normal keçirməkdən, valideyn isə maddi vəsaitindən məhrum olur və repetitorluğa üz tutmağa məcbur qalırlar. Təhsildə yaranmış bu qeyri -adekvat vəziyyəti necə qəbul etmək olar ki, şagird getdiyi məktəbdə lazım olan bilik, bacarıq və vərdişlərə yiyələnirsə, dərsdən sonra qalan vaxtının bir hissəsini asudə vaxtına, öz inkişafının başqa istiqamətlərinə sərf etməyib, hər gün rəsmi təhsil aldığı məktəbdən sonra qeyri-rəsmi məktəbə-repetitor yanına qaçmalıdır? Sadaladığımız və zəruri hesab etdiyimiz orta ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinin artırılması, sosial məsələlər, müəllim-valideyn münasibətləri və s. məsələlərin həlli üçün bizə nə lazımdır və bunun üçün hələ bundan sonra daha neçə illər vaxt lazım gələcək, yəqin ki, bunu zaman göstərəcək. Bizə düşən isə illərdən bəri davam edən taleyüklü məsələyə konkret mövqeyimizi bildirməkdir…

Bənzər yazılar