“Azərbaycanımızın orbitdə 3 peyki dövrə vurur. Qoy vursun, qanadlarına qüvvət. Canım Azərbaycanın adına olan hər şey ürəyimcədir. Yaxşı, bəs bu qədər uğurlara gediriksə bizim orta məktəblərdə astronomiyanın qanadını vurub qırmaqla nəyə xidmət etmiş olublar? Bəlkə arxayınıq ki, kosmik gəmilərimizi Amerika şirkəti istehsal edəcək, Fransanın kosmodromundan da hansısa inkişaf etmiş ölkənin daşıyıcı raketi orbitə çıxardacaq.
Bunu “Sherg.az”a Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elm və innovasiyalar şöbəsinin müdiri, alim Yusif Alıyev bildirib.
 O ironik tərzdə diqqətə çatdırıb ki, doğrudan da düşüncələr budursa, ümumiyyətlə, heç astronomiya dərsi keçməyə gərək yoxdur: 

“Bu baxımdan da düşünürəm ki, orta məktəblərdə astronomiya dərslərinin yerinə din, daha doğrusu Quran tədris olunsun. Sağlıq olsun, sabah onun-bunun kosmodromundan kosmosa çıxaracağımız 6-cı, 7-ci, 10-cu peykimizdə hansısa əcnəbinin yanında köməkçi bir müsəlmanın da uçmağına ehtiyac olarsa, onda bizim orta məktəbdə dini dərindən öyrənmiş insanımız yada düşəcək. 
Və o, orbitdə eşidilən qarışıq səsin azan səsi olduğunu dinsiz kosmonavta başa salacaq. Dinimizin qüdrətini anladaraq sonda astronomiya elmindən bixəbər olmağımızı ört-basdir etmiş olacaq. Bu mənada dinimiz həmişə bizə elmimizdən daha çox köməkdarlıq etmiş olur”.
Sonda Y.Alıyev acı sarkazmla onu da əlavə edib ki, buna görə də astronomiya dərslərinin orta məktəblərdə bərbad günə salınması ilə bağlı  narahat olmağa dəyməz.

Bənzər yazılar