Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunda 2019-2021-ci illərdə yerinə yetiriləcək elmi-tədqiqat plan işlərinin müzakirəsinə həsr olunmuş iclas keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan professor Nazim Müzəffərli İqtisadiyyat İnstitutunun 1958-ci il aprelin 14-də Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə yaradıldığını və bunu əsas götürərək aprelin 14-nün “İnstitut Günü” elan olunduğunu deyib.

İnstitutun elmi işlər üzrə direktor müavini, iqtisad üzrə fəlsəfə doktoru Allahyar Muradov 2019-2021-ci illərdə yerinə yetiriləcək elmi-tədqiqat plan işləri haqqında təqdimatla çıxış edib. O, “Azərbaycanın sosial-iqtisadi inkişafı və beynəlxalq müqayisəli reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması istiqamətləri (2019-2021-ci illər)” mövzusunda aparılacaq tədqiqatlar barədə geniş məlumat verib.

Digər çıxış edənlər beynəlxalq müqayisəli reytinqlər və onlarda ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılmasının əhəmiyyətini vurğulayıblar.

Daha sonra elmi-tədqiqat plan işləri ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, İqtisadiyyat İnstitutu direktorunun əmrinə əsasən hər il aprelin 14-ü burada “İnstitut Günü” kimi qeyd olunacaq, bununla bağlı müxtəlif tədbirlər keçiriləcək, işində xüsusi fərqlənən əməkdaşlar mükafatlandırılacaq.

Bənzər yazılar