Musiqi həyatımızın ayrılmaz hissəsidir. Bu bağlılıq insan ömrünün ilk anlarından başlayır. Beşikdə yatan körpə anasının şirin laylasına qulaq asdıqca rahatlaşır. Həyatımızın hər anı müxtəlif xarakterli musiqilərlə müşayət olunur, çünki musiqi emosiyalarımızın müşahidəçisidir. Dünyada elə bir xalq yoxdur ki, onun musiqi mədəniyyəti olmasın. Musiqi millətləri birləşdirən onların qarşılıqlı anlaşmasını təmin edən bir dildir .

       Həyatımızın müxtəlif məqamlarında biz musiqinin fərqli növləri ilə rastlaşırıq. Filarmoniyada daha çox klassik musiqini, şən məclisdə populyar və ya xalq musiqisini, dostlarımızla caz, rok, pop musiqilərini dinləyirik. Bəs görəsən, sənətin sadaladığımız növləri haqqında nə bilirik? Bax bu barədə fikirləşməyə dəyər .

        Klassik musiqi o əsərlərə deyilir ki, həmin əsərlər artıq tarix olub, zamanın sınağından keçib. Buna baxmayaraq hələ də müasir cəmiyyətdə auditoriyasını qoruyub, saxlayıb sevilir və dinlənilir. Klassik musiqi incəsənətin bir növü olub Qərb ənənələrinə söykənir. Bu XI əsrdən bu günə qədər böyük bir dövrü əhatə edir .

       Xalq musiqisi hər bir xalqın fərqli mədəni dəyərlərini özündə birləşdirir. Azərbaycan xalqının poetik yaradıcılığının ən qədim və önəmli janrlarından biri olan mahnılarda xalqımızın pak – yüksək mənəviyyatı, daxili aləmi, arzuları, ümidləri əks olunur.

         Caz ABŞ-da xüsusiylə zəncilər tərəfindən yaradılmış musiqi sənətidir və XX əsrin əvvəllərində Nyu Orlean şəhərində yaranmışdır. Çoxmillətli liman şəhəri sayılan bu şəhərdə hər cür musiqi: İspan, fransız, reqtaym, blüz (Afrika Amerika və Avropa xalqlarında musiqi formalarının kəsişməsində yaranan janr), həm də kantri musiqisi (Amerikanın ağ əhalisin ənənəvi musiqisi) səslənərdi. Məhz bu müxtəlif mənşəli musiqi formalarının sintezi nəticəsində Nyu Orleanda caz yaranır. Bu musiqini adətən qara musiqiçilərdən ibarət ansambllar ifa edərdi. Lakin tezliklə caz musiqisi ağ əhalinin diqqətini də özünə cəlb edir .

        Rok musiqisi özündə bir çox musiqi janrlarını birləşdirmiş bir növ olaraq “Rock and roll”- dan, “and roll” – un çıxarılması ilə 1960-cı illərin əvvəllərində meydana gəldi. Rok musiqisini adətən vokalist, çox vaxt elektrogitarada çalan gitarist, barabançı və bəzən sintizatrçıdan ibarət rok qrupları ifa edir. 1980-ci illərə qədər böyük müvəffəqiyyətlər əldə edən rok qrupları növbəti nəslə böyük təsir göstərdilər, gələcək nəsil rok qruplarının məşhurluğu üçün əsaslı təməli qoydular.

         Pop musiqisi isə müasir musiqi istiqamətlərindən biri olub, kütləvi mədəniyyət növüdür. Azərbaycan pop musiqisinin yaranması XX əsrin ortalarına təsadüf edir. 1970-ci illərdə musiqi dünyasında yeni nəslin artması Azərbaycan pop musiqisinin “Qızıl dövrünə” müsbət təsir etmişdir. Həmin dövrdə Mirzə Babayev, Flora Kərimova, Şövkət Ələkbərova, Oqtay Ağayev kimi klassik pop sənətçiləri böyük uğurlar əldə etmişlər.

       Belə bir deyim var: “Hər yaşın öz musiqisi var”. Məsələn, orta nəsil klassik növ, eləcə də xalq musiqisini, gənc nəsil pop musiqisini, yeniyetmələr isə rok musiqilərini dinləməyə üstünlük verir. Şərh etdiyimiz musiqi növlərinin arasında fərq qoymaq, hansınısa o birindən üstün tutmaq düzgün olmazdı, çünki musiqi zövq məsələsidir. Hər bir fərdin dinlədiyi musiqi elə onun xarakterindən xəbər verir. Necə ki, Konfutsi demişdir: “Bir millətin xarakterini bilmək istəyirsinizsə o millətin musiqisini dinləyin”.

        Musiqi gözlə görə bilmədiyimiz, əllə toxuna bilmədiyimiz yalnız qulaqlarımızla eşidib, təsirini isə qəlbimizdə yaşadığımız bir duyğudur. Məhz ruhumuzun qidası adlandırdığımız musiqidir, bizim danışmadan, tək bir söz belə söyləmədən hisslərimizi ifadə edən… Musiqi hissin uğultusudur.

       Musiqi elə bir aləmdir ki, onun ifadə etdiyi mənanı müxtəlif fəlsəfi fikirlərlə açıqlamaq olar. Mənim fikrimcə, isə musiqi insanı xəyallara aparan yoldur. Sevdiyim musiqilər məni hər zaman içi arzularımla dolu xəyallarıma götürür. O xəyallar ki, gözümün önündə canlanır, canlandıqca da arzularım qanadlanır. Arzularıma çatmaq, xəyallarımı gerçəkləşdirmək üçün isə musiqi mənə stimul verir. Bu məqamda Uilyam Şeksprin gözəl bir aforizmi yerinə düşər: “O insan ki içində musiqi duyğusu yoxdur və qəlbi səslərlə riqqətə gəlmir onun hissləri gecə kimi qaranlıqdır”. Məncə musiqinin verdiyi zövqdən həzz almağı bacaran hər bir kəsin hissləri gecənin qaranlığına yox, gündüzün bəxş etdiyi parlaq işığa bənzər.

Aidə Məmmədova

BSU-nun Jurnalistika fakültəsinin II kurs tələbəsi

Bənzər yazılar