Təhsil eksperti Nadir israfilovun məktəbdə baş verən son hadisə ilə bağlı müsahibəsindən

Məktəbdə baş verən son intihar hadisəsi üzücü olduğu qədər də təəssüfləndiricidir. Üzücüdür ona görə ki, bir nakam yeniyetmənin həyatına son qoyulub, bir ailənin ümid çırağı sönüb. Təəssüfləndiricidir ona görə ki, hadisənin səbəb və mahiyətinə varmadan, bilən də, bilməyən də öz subyektiv təəssüratlarını bölüşür, sanki belə bir hadisənin baş verə biləcəyini qabaqcadan gözləyirmiş kimi… Əlbəttə baş verənə yönəlik emosiyalar da hardasa başa düşüləndir, çünki söhbət sıradan olan hər hansı bir hadisədən deyil, insan talyindən gedir.

Bununla belə bir həqiqəti də dərk etməli və razılaşmalıyıq ki, bu kimi hadisələr ilk mərhələdə tədqiqat obyekti deyil, daha çox təhqiqat obyektidir. Axı, bu istintaq prosedurları hələ tam başa çatmadan şəxsi mülahizələrə və ambsiyalara əsaslanıb, birmənalı şəkildə necə nəticə çıxarmaq olar ki, bu arzuolunmaz hadisənin baş verməsində məhz məktəb məsuliyyət daşıyır, yoxsa ailə? Bir mühüm məqam da nəzərə alınmır ki, bu kimi “münəccimliklər”, təkcə bütövlükdə məktəb məfhumuna, valideyn mənəviyyatına ağır və sarsıdıcı zərbə vurmaq deyil, həm də cəmiyyətdə yanlış təsəvvürlərin formalaşmasına yönəlik bir cəhddir.

Yeniyetmə və gənclərin təlim-tərbiyəsində, mənəviyyatının formalaşmasında məktəbin rolu və məsuliyyəti nə qədər danılmaz olsa da, “günah keçisi” qismində təkcə məktəbi ittiham etmək, baş verənlərdə məhz onu suçlamaq bir o qədər də ədalətli mövqe ola bilməz. Məsələyə sosial konstektdə baxmaq lazımdır. Hər şeydən əvvəl ona görə ki, bu kimi hallar təkcə məktəbdə deyil, habelə evlərdə, ailədə, digər məişət obyektlərində, özü də təkcə bizdə deyil, bütün dünyada baş verir.

Əlbəttə, bu kimi hadisələrin daha da kütləvi xarakter almasının qarşısına müəyyən sədd çəkmək üçün, ortalıqda olan təkzibedilməz fakt biganəlik və məsuliyyətsizliyin, hansısa müəllim və ya rəhbərliyin hikkə və sayğısızlığının nəticəsi kimi təsdiqini tapdığı halda, ən yüksək səviyyədə ictimai qınaq obyektinə çevrilməli və buna şərait yaradanlar, göz yumanlar öz layiqli cəzalarını almalıdırlar. Yalnız araşdırma tam başa çatdıqdan və yalnız buna hüquqi qiymət verildikdən sonra.

Bir də ki, bildiyim qədər, intihara cəhd edən qızcığaz 3 məktəb dəyişib. Əgər həqiqətən belədirsə, problemin kökünü məhz burda axtarmaq lazımdır, O da istisna olunmur ki, ola bilsin ki, həmin şagird problemli uşaqlardan biri olsun. Elə isə, onu evdə təhsilə, digər aidiyyatı xüsusi təyinatlı məktəblərə niyə cəlb etməyiblər? Suallar, məqamlar çoxdur… Cavabı isə aparılan təhqiqatlararın nəticələri göstərəcək…

Nəzərə alsaq ki, məktəb müxtəlif xarakterə malik fərdlər toplumundan ibarət böyük bir müəssisədir, deməli isrənilən vaxt, istənilən məktəbdə bu kimi hadisənin baş verməsi qaçılmazdır və heç bir pedaqoji kollektiv bu sözügedən hallardan sığortalanmayıb. Sadəcə emosiyalara qapılıb, müxtəlif versiyalar irəli sürmək deyil, sayıqlığı artırmaq, bu kimi hallara qarşı nəzarəti gücləndirmək barədə düşünülməlidir

Yeri gəlmişkən, o qədər də uzaq olmayan keçmişin bir ibrətamiz ənənəsini xatırlatmaq yerinə düşərdi ki, bütün məktəblərdə, bütün mərtəbələrin dəhlizlərində müəllimlərdən və şagirdlərdən ibarət növbətçilik təşkil olunardı. Hazırda bu ənənənin hansı məktəbdə, hansı formada təşkil olunub, olunmamasını tam əminliklə deyə bilməsəm də, onu deyə bilərəm ki, belə bir nəzarət bu kimi halların qarşısının alınması üçün təcrübədə özünü doğruldan qabaqlayıcı tədbirlərdən biri idi.

Bənzər yazılar